YAP-ın Nərimanov gəncləri konfrans keçirdi - FOTO

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.


Rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı sədri, tələbə-gənclər təşkilatlarının sədrləri və partiya fəallarının qatıldığı konfransı giriş sözü ilə partiyanın Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı açıb. O, hesabat məruzəsi ilə çıxış edərək təşkilat tərəfindən hesabat dövründə görülmüş işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai-siyasi proseslərdə fəal iştirakından söz açaraq, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyasətinin banisinin Heydər Əliyev olduğunu diqqətə çatdırıb.

A.Fərzəliyev Azərbaycan gənclərinin partiyanın müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, mərhum liderin siyasi kursunun ən layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda ölkə rəhbərinin bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərdiyini və onun rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf etdiyini diqqətə çatdırıb.

Daha sonra Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək, partiyanın sıralarında sayı gün-gündən artan gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayıb. Ölkə gənclərinin demokratikləşmə prosesində fəal iştirak etdiyini, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini vurğulayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev dövlətimizin gənclərə verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək gənclərin ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə edib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını qeyd edərək gənclərin müasir cəmiyyətdə mövqeyinin daha da fəallaşdırılması üçün dövlət səviyyəsində kifayət qədər işlərin görüldüyünü, həmçinin ölkə rəhbərinin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru qürurla addımladığını xüsusilə vurğulayıb.

Tədbirdə hesabat dövründə görülən işlər qənaətbəxş hesab edilərək, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinə gələcək fəaliyyətlərində, ölkənin, o cümlədən rayonun ictimai-siyasi həyatında daha fəal iştirak etmələri tövsiyə edilib.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.

Yekunda Yani Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

image description image description image description image description image description image description