Son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib. Son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib.

“Ermənilər cəbhədə çoxlu itki veriblər“ - Müdafiə Nazirliyi

Son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib.



Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O, qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi martın 29-30-da ermənilərlə cəbhədə döyüşlərin olduğunu təsdiq edir. Lakin erməni tərəfinin itkiləri heç də erməni mediasında bildirildiyi kimi 7 nəfər yox, daha çoxdur: "Sadəcə, hələ onların qeyri-rəsmi formada açıqladıqları budur. Yəqin ki, ermənilər hələ öz itkilərini dəqiqləşdirməklə məşğuldurlar. Konkret olaraq dünən axşam gedən döyüşlərdə erməni tərəfinin çoxlu itkiləri olub və bu itkilər göstərilən rəqəmlərdən qat-qat artıqdır. Yəqin ki, onlar itkilərini yavaş-yavaş, tədricən ortaya çıxaracaqlar. Erməni ordusunda vərəmin və digər xəstəliklərin yayılmasına gəlincə, biz dəfələrlə demişik ki, erməni tərəfi həm döyüşlərdəki, həm də xəstəliklər nəticəsində olan itkilərini gizlədir. Bu barədə yayılan məlumatlar isə həqiqətdir".

V.Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqına yalan danışmaqla məşğuldur. Əslində, erməni ordusunda intizamsızlıq baş alıb gedir: "Martın 22-də biz tərəfə keçən erməni hərbçisi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçmışdı. Onun səngər yoldaşları öz həmkəndliləri olduğu üçün ona atəş açmamışdılar. Ermənistanın müdafiə naziri həmin əsgərin valideynlərini günahkar çıxarır. Valideynlər isə bildiriblər ki, hərbi hissələrdə baş verən intizamsızlıq nizamnamədənkənar münasibətlərdir, özbaşınalıqlardır".

Qeyd edək ki, Ermənistan saytları xəbər verir ki, ermənilər son iki gündə cəbhə xəttində 7 hərbçisini itiriblər. Bundan əlavə, orduda hərbçilər arasında ağır nəticələri olan vərəm xəstəliyinin yayıldığı, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradıldığı bildirilir.

Martın 22-də günorta saatlarında isə ilkin məlumata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.