- Köhnə - Siyasət
- 27 Aprel 2015 14:39
- 2 382
Prezident Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının rəhbərini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Rocer Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirib. Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Ölkəmizə Yerevandan gəldiklərini vurğulayan Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını deyib. O, ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Rocer Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğulayıb.