“Döyüş bacarığı çatışmırdı” – Laçında döyüşmüş komandir

“Heç bir xalqın torpağı işğalda qala bilməz. Biz də öz torpaqlarımızı geri alacağıq”.

Bunu AzNews.az-a Laçın alayının sabiq komandiri Arif Paşa bildirib.

Onun sözlərinə görə, indiki zamanda dünyada baş verən proseslərə baxanda görürsən ki, o vaxtkı hadisələr bizim iradəmizdən kənarda olub: "Düzdür, işğal faktının bir çox məqamlarını da elə özümüzdə axtarmalıyıq. Ancaq həmin vaxt neyləsək də Laçını saxlaya bilməzdik".

Sabiq komandir vurğulayıb ki, o, Laçının işğal edilməsinə görə bir çox adamları ittiham edib: "1992-ci ildə ordu təzə qurulurdu, insanların müharibə haqda düşüncələri zəif idi, döyüş bacarığı çatışmırdı. Ölkədə xaos hökm sürürdü, siyasi münasibətlər gərginləşmişdi. Belə bir şəraitdə qatı bir düşmənin qarşısında Laçını alınmaz qala kimi saxlamaq mümkün deyildi".

A.Paşa Laçının geri alınacağına ümid etdiyini deyib: "İndi ölkəmizin bütün resursları imkan verir ki, Ermənistanla üz-üzə savaşaq. Bizim öz münasibətlərimizə qalsa, Ermənistanı çoxdan məğlub edərdik. Ancaq yenə də Qarabağ münaqişəsinə yanaşmada hər şey istədiyimiz kimi getmir, ikili standart mövcuddur. Zaman gələcək ki, fikirlər bizim xeyrimizə dəyişəcək və torpaqlarımızı geri qaytaracağıq".

Qeyd edək ki, Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Nəticədə 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər isə sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Bahar RÜSTƏMLİ
AzNews.az