MSK-dan xəbərdarlıq: Namizədliyin qeydiyyatı ləğv edilə bilər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə təşviqat kampaniyasının aparılması ilə bağlı bir sıra tövsiyələr verilib.

AzNews.az-ın trend-ə istinadən məlumatına görə, iclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, namizədlərin seçkiqabağı təşviqatı üçün qanunvericiliyə uyğun olaraq bütün şərait yaradılıb. O, qeydə alınmış namizədləri qanunvericilikdə nəzərdə tutulmayan vasitələrlə təşviqat aparmamağa çağırıb. Onun sözlərinə görə, namizədlər qadağan olunmuş üsullarla təşviqat apararsa, namizədliyin qeydiyyatının ləğvi də daxil olmaqla hüquqi tədbirlər görülə bilər.

N.Məmmədov bildirib ki, bu gün təşviqatın üsullarına uyğun olaraq nəticələr ortaya çıxır: "Qanunvericilik seçki təşviqatı ilə bağlı xüsusi şərtlər və qadağalar müəyyən edib".

Onun sözlərinə görə, ölkə üzrə açıq və qapalı yerlər müəyyən edilib və orada təşviqatın aparılması üçün şərait yaradılıb: "Çap və audiovizual materialların yayılması üçün bütün seçki məntəqələrində seçicilərin yaxşı görəcəyi yerlərdə plakatların qoyulması təmin edilib. Hər kəs üçün bərabər təşviqat aparmaq imkanları yaradılıb".

N.məmmədov əlavə edib ki, hər hansı binaların, abidələrin üzərinə təşviqat materiallarının yerləşdirilməsi yolverilməzdir.

O, qeyd edib ki, namizədlər KİV-lərdə də təşqiat aparılması məsələsinə diqqət yetirməlidir: "Yalnız Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş, Azərbaycana məxsus KİV-lər təşviqat materiallarını yaya bilər. Azərbaycana məxsus olmayan, xarici hüquqi şəxslərə məxsus olan KİV-lərin seçkiqabağı təşviqat kampaniyasında iştirak etməsi qadağandır".

MSK sədrinin müavini bildirib ki, kütləvi tədbilər zamanı dövlətçilik əleyhinə olan çağırışlar etmək olmaz: "Seçkiqabağı təşviqat prosesində xarici hüquqi şəxslər, xarici vətəndaşlığı olan şəxslər və 18 yaşına çatmayan şəxslər iştirak edə bilməz".