“Bakıya gətirilən generala yüksək vəzifə veriləcək”

Məşhur general, Milli Qəhrəman Rövşən Əkbərovun 4 il öncə təyin olunduğu Şəmkir korpusunun komandiri vəzifəsindən çıxarılaraq, yenidən Bakı qarnizonuna, əvvəlki postuna qaytarılması ciddi müzakirə mövzusuna çevrilib. Bununla bağlı bir neçə diqqətçəkən versiyalar var.


Bir versiya bundan ibarətdir ki, hökumət etibar etdiyi generalları Bakıya yığır. Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrdən, prezidentin etimadından sui-istifadə edərək, az qala öz hakimiyyətini quran bir cinayətkar şəbəkənin aşkarlanmasından sonra hökumətin etibar etdiyi adamların Bakıya yığılması prosesinə start verilib. Bu baxımdan Rövşən Əkbərov vacib fiqur kimi təqdim edilir. Qeyd olunur ki, 1994-cü ildəki məlum hadisələrdə qəhrəmanlıq edən R.Əkbərov hökumətin etibar etdiyi şəxslərdən birinə çevrilib.

Başqa bir versiyaya görə isə generalın paytaxta gətirilməsi ona yüksək etimadın göstəricisi deyil. Əksinə, bu, Şəmkir korpusu kimi vacib bir nöqtənin R.Əkbərova etibar edilməməsindən irəli gəlir.

Versiyaya görə, müharibənin başlayacağı ilə bağlı məsələlərin aktuallaşdığı bir vaxtda Azərbaycan ordusunun az qala "şah damarı" hesab edilən bir korpusuna R.Əkbərovun rəhbərlik etməsi uyğun görülməyib. Azərbaycan ordusuna öz nazirinə tabeçilik göstərməmək nümunəsi gətirən generalın Bakıya gətirilməsini onun nəzarətdə saxlanılması kimi qələmə verənlər də var.

Bu məsələni AzNews.az-a şərh edən hərbi-ekspert Üzeyir Cəfərov hesab edir ki, Əkbərovun yerdəyişməsi indiki halda onun səlahiyyətlırinin artırılması kimi qələmə verilməmılidir: "R.Əkbərov həm Şəmkirdə, həm də Bakıda hərbi birləşmə komandiri olub. Bunlar eyni ranqlı vəzifələrdirdir. Bakı streteji əhəmiyyətinə görə Şəmkirdən geri qalmır. Bəzi mətbu orqanlar onun paytaxta gətirilməsini siyasi məsələlərlə əlaqələndirirlər. Lakin mən elə düşünmürəm. Hərbçinin siyasi mənsubiyyəti olmur. O, öz ölkəsinin əsgəridir. R.Əkbərov da siyasi proseslərdən uzaq bir şəxsdir.

Bundan əlavə generalların vəzifədən çıxarılması, yaxud yerlərinin dəyişdirilməsi ali baş komandanın səlahiyyətindədir. Əgər o, qərar qəbul edirsə, bu sahənin mütəxəssisləri ilə məsləhətləşə də bilər, özü də qərar verə bilər".


Ü.Cəfərov R.Əkbərovun yaxın vaxtlarda yüksək posta təyinat alacağını da bildirib: "O, ölkə rəhbərliyinin diqqətində olan generaldır. Bildiyimə görə də hökymətin onunla bağlı daha böyük planları var. O, çox təcrübəli və peşəkar zabitdir, akademik təhsili olan generaldır. Onun istənilən an nazir müavini, yaxud hansısa qurumda yüksək vəzifəyə təyin olunması gözlənilir. Çünki onun bilik və bacarığından daha yüksək işlərdə istifadə oluna bilər".

Nigar ETİBAR
AzNews.az