"Nəinki orta məktəblərdə, hətta universitetlərdə də belə fənn olmalıdır" "Nəinki orta məktəblərdə, hətta universitetlərdə də belə fənn olmalıdır"
  • Toplum
  • 22 Oktyabr 2018 15:13
  •  1 754

Məktəblərdə yeni fənn: Cinsi tərbiyə... (ekspert rəyləri)

"Nəinki orta məktəblərdə, hətta universitetlərdə də belə fənn olmalıdır"

Orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacaq. Kitabın yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim edildiyi bildirilir.

Bəs cinsi tərbiyə dərsliyinin uşaqlara nə faydası olacaq, belə dərsliyə ehtiyac varmı?

Təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, dərsliyin necə adlanacağını deyə bilməz, ancaq vaxtilə məktəblərdə “Etika”adlı fənn keçilib: “Dərs vəsaitində etika çərçivəsində cinsi tərbiyə ilə bağlı mövzular da yer alırdı. Yuxarı siniflərdə, xüsusən 10-11-ci sinif şagirdləri üçün bu dərslər aparılmalıdır. Onların ümumi həyata, müstəqil ailə mühitinə hazırlanmasında bu, çox vacib rol oynaya bilər. Nəinki orta məktəblərdə, hətta universitetlərdə də belə fənn olmalıdır.

Embrional fiziologiya deyilən, yəni uşağın ana bətnində tərbiyəsini nəzərdə tutan elm sahəsi var. Çox vacib məsələdir, bizdə təəssüf ki, bu istiqamətdə heç bir iş görülmür. Cinslər arası münasibət, gender problemi, ana bətnində uşağın tərbiyəsi məsələsi ilə bağlı yanaşmalar müxtəlifdir.

Düşünürəm ki, bununla bağlı orta məktəb və pedaqoji universitetlərdə xüsusi kurslar olmalıdır”.

Təhsil eksperti, professor Şahlar Əsgərov isə tam əksini düşünür. Onun sözlərinə görə, bu, mövcud Azərbaycanda min illərlə formalaşmış təhsil, tərbiyə sisteminə mənfi təsir göstərə bilər: “Nəzərə alın ki, Azərbaycan islam ölkəsidir. Dünyada inkişaf etməkdə olan, yəni Rusiya, Türkiyə kimi ölkələr sırasındadır. Norveç, Almaniya, Yeni Zelenda, Kanada, İsrail, ABŞ kimi inkişaf etmiş ölkələr üçün vacib olan qanunları inkişaf etməkdə olan ölkələrə gətirmək düz deyil”.

Professorun fikrincə, dünya ölkələri haqqında Azərbaycanda çox qarışıq təsəvvür var: “ Bakirəlik şərqdə dəyərdir, qərbdə yox. Bu, şərqdə ata, qardaş, və subyektin özü tərəfindən qorunur. Ona görə də qərb dəyərlərini şərqə gətirəndə fikirləşmək lazımdır ki, nəyi gətirək olar, nəyi yox. Artıq qərb özünün qüsurunu başa düşür.

“Teleqoniya” deyilən yeni elm sahəsi yaranır ki, şərqin dəyərlərinə rəğbət bəsləyir, çünki qərbdə gələcək nəsillər pozulur. Bizim dəyərimizi dəyərsiz etmək olmaz”.

Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov deyib ki, bu cür qeyri-hökumət təşkilatlarının təhsilə ünvanlanmış təşəbbüsləri təqdirəlayiqdir: “Belə hallarda müraciətlər müzakirə olunur, müzakirədən sonra standartları müəyyən edilir. İndiki halda bu, sadəcə bir təşəbbüsdür, müzakirə formasındadır, hansısa təsdiqdən danışmaq hələ tezdir. Müxtəlif sahə mütəxəssisləri ilə müzakirə olunandan sonra bu məsələyə baxıla bilər”. (teleqraf.com)

© AzNews.az