Havanın temperaturu 4-6 dərəcə enəcək Havanın temperaturu 4-6 dərəcə enəcək
  • Toplum
  • 20 Noyabr 2018 12:44
  •  1 244

Sabahdan yağışlı günlər başlayır

Havanın temperaturu 4-6 dərəcə enəcək

Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Rayonlarında isə hava şəraiti əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Səidə Nurməmmədli,

AzNews.az