• Toplum
  • 21 Noyabr 2018 14:41
  •  737

2007-2015-ci illərdə xaricdə 3558 azərbaycanlı təhsil alıb

Həmin tələbələrin 60 faizi özəl sektorda, 40 faizi dövlət sektorda işləyirlər.

“2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın müxtəlif ölkələrində ali təhsilin müxtəlif pillərində ölkə üzrə prioritet olan sahələr üzrə təhsil alıb. Onların əksəriyyəti təhsilini bitirərək Azərbaycana qayıdıb və müxtəlif sahələrdə işlərini davam etdirir”.

Bunu təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, həmin tələbələrin 60 faizi özəl sektorda, 40 faizi dövlət sektorda işləyirlər.

"Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərin böyük hissəsi əmək fəaliyyəti ilə yanaşı, ali təhsil müəssisələrdə akademik fəaliyyətlə də məşğuldurlar. Bu istiqamətdə bir sıra ali təhsil müəssisələri fəallıq göstərir".

Nazir “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dan da söz açıb.

O qeyd edib ki, bu, orta və uzun perspektivdə Azərbaycan alimlərinin xarici professor heyəti ilə beynəlxalq tədqiqatların həyata keçirilməsinə, onların yüksək nəticələr əldə etməsinə öz töhfəsini verəcək.

"Dövlət Proqramının bir neçə gün əvvəl təsdiq olunmasına baxmayaraq artıq bir neçə ali təhsil müəssisələrindən müraciətlər daxil olub. Onlar tərəfindən motivasiya görürük. Artıq müraciətlərin sayı kifayət qədər çoxdur".(modern.az)

© AzNews.az