Polis Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan məktəblərin sayı 25-dir. Polis Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan məktəblərin sayı 25-dir.
  • Toplum
  • 15 Dekabr 2018 11:22
  •  2 551

Məktəblərin mühafizəsində qadın polislər də olmalıdır - Ekspert

Polis Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan məktəblərin sayı 25-dir.

Azərbaycanda bəzi məktəblərin polis əməkdaşları qoruyur. Həmin məktəblərdə polislər məktəblilərin dərsdən ev tez getmələrindən tutmuş, bütün təhlükəsizlik məsələlərinə nəzarət edib, asayişi qoruyurlar. Azərbaycanda orta və ali təhsil müəssisələrinin mühafizəsi məsələsi daha öncələrdə də gündəmə gəlib. Xüsusilə də xarici ölkələrdə son illər məktəbə olan terror saldırıları bu məsələni bir qədər də gündəmləşdirib.

Öyrəndik ki, hazırda Azərbaycanda ali və orta təhsil müəssisələrinin bir qismi mühafizə polisi tərəfindən qorunur. Digərlərini isə ya mühafizə şirkətləri, ya da müəssisənin təyin etdiyi şəxslər mühafizə edirlər.

Mövzu ilə bağlı danışan ekspert Kamran Əsədov məsələ barəsində detalları açıqladı. Ekspert bildirdi ki, ölkədə 4472 ədəd orta məktəb var ki, bunlardan da 317 ədədi Bakıda yerləşir:

“Polis Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan məktəblərin sayı 25-dir. Söhbət Bakının mərkəzində yerləşən məktəblərdən gedir. Digər məktəbləri isə özəl mühafizə xidmətinin əməkdaşları qoruyur. Əksər məktəblərimizin mühafizəsi xüsusi qaydada seçilmiş şəxslər tərəfindən qorunmur. Dünyada belə bir təcrübə var; məktəb mühafizəçisi ayrıca təlim görmüş şəxslərdən seçilir. Yoxsa kimi gəldi məktəbə mühafizəçi qoymaqla, iş tamamlanmır. Qardaş Türkiyədə məktəbin mühafizəçiləri xüsusi təlimlər keçirlər. Eləcə də onlar xarici dil bilgilərinə də sahib olmalıdırlar. Bir zamanlar təklif irəli sürülmüşdü ki, məktəblər polis tərəfindən qorunsun. 2009-cu ilin aprelində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən sonra isə bəzi universitetlərimiz polis tərəfindən mühafizə olundu. Lakin özəl universitetlər kənarda qaldı. Qanunvercilikdə nəzərdə tutulub ki, məktəb özü xidmətlər göstərən fond formalaşdırıb, aidiyyəti üzrə ya özəl şirkətə, ya da dövlətin mühafizə xidmətini həyata keçirən orqanlarına müraciət edib, öz qapısına silahlı və ya silahsız mühafizəçinin təminini həyata keçirə bilər. Dövlət tərəfindən yalnız məktəblərdə əmək haqları ödənilir. Orada mühafizəçinin pulu nəzərdə tutulmayıb. Bunu, məktəb özü ödəməlidir. Məktəblərdə yalnız dalandar vəzifəsi var ki, onlar bu funksiyanı da yerinə yetirirlər. Hazırda yalnız paytaxtın mərkəzində yerləşən, strateji yerdə olan məktəblər polis tərəfindən mühafizə olunur. Nəzərə alaq ki, dərs saatı çoxdur və iş saatı da 8 saatdır, deməli, yalnız 1 polislə iş bitmir. Burada ən azından hər məktəbə 3 polis təyin olunmalıdır”.

Ä°lgili resim

Ekspert bildirib ki, əgər mühafizə polisə verilirsə, heyətin arasında qadın polislər də olmalıdır: “Yəni burada xanım şagirdlərlə işləməyə, onları yoxlamağa ehtiyac yarana bilər. Bunun üçün xanım mühafizəçinin də olması lazımlıdır. Dünya təcrübəsində belədir ki, məktəblər konkret olaraq kriteriyalar müəyyənləşdirərək, sifariş verirlər. Onlar bildirirlər ki, bizə xoş görünüşlü, xarici dil bilən mühafizəçi lazımdır. Yəni əsas şərtlərdən biri də budur ki, şagirdlərlə çalışan mühafizəçinin sifəti sərt olmasın, uşaqlarla xoş davranıb, ünsiyyət qura bilsin. Amerikanın 12 ştatında belə bir şey var ki, əgər polisin uşağı yoxdursa, onu məktəbə mühafizəçi götürmürlər. Təkcə silahla davranmaq yox, özünümüdafiə də əsas şərtdir ki, bunlar da xaricdə nəzərə alınır. Ümumilikdə belə demək olar ki, məktəb mühafizəçisi adi polislər deyil. O, xüsusi yanğından mühafizəni, fövqəladə vəziyyətdə davranmağı bilməlidir. Düşünürəm ki, özəl mərkəz yaratmalıyıq. Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinə təklif vermişəm ki, məktəblərdə məktəbli avtobusu təşkil edək və mühafizə işini yoluna qoyaq. Çünki bu gün yollarda tıxac olur, valideynlər öz şəxsi avtomobilləri ilə uşaqları məktəbə aparıb-gətirirlər. Bütün bunların nəticəsində məktəb olan ərazilərdən keçən yollarda sıxlıq yaşanır. Ona görə də məktəbli avtobusları yaradılarsa, həm uşaqlar, həm valideynlər, həm də yolda hərəkət edən digər iştirakçılar üçün bu, müsbət addım olar. Təklif etmişdim ki, Daxili İşlər Nazirliyi ilə müqavilə imzalayım, siz də bu pulu ödəyin, mühafizəçi yetişdirək. Məktəbdə hər kəsin psixologiyası eyni deyil. Buna görə də mühafizəçiləri yetişdirmək lazımdır. Hollandiyada belə bir hadisə vardı ki, uşaq ev tapşırığını etmədiyi üçün dərsə girməyib. Bu, mühafizəçinin diqqətini çəkib və nə üçün dərsə girmədiyini soruşub. Səbəbi öyrəndikdən sonra uşaqla birlikdə tapşırığı həll edib, onu dərsə yola salıb. Yəni mühafizəçi bax bu cür olmalıdır. Təkcə qışqırmaq, danlamaqla iş həll olmur. Eyni zamanda mühafizəçi uşaqlarla yeri gələndə futbol da oynaya bilər. O, şagirdləri zərərli vərdişlərdən uzaqlaşdırmalı, bununla bağlı təbliğatını əsirgəməməlidir”. (Musavat.com)