Məktəbdə keçirilən fənlər üçün yenidən hazırlığa getməyə ehtiyac yoxdur. Məktəbdə keçirilən fənlər üçün yenidən hazırlığa getməyə ehtiyac yoxdur.
  • Toplum
  • 18 Dekabr 2018 17:48
  •  2 345

Dövlət dəstəkli özəl məktəblər yaradılsın - Müəllim Həbib Əlizadədən təklif

Məktəbdə keçirilən fənlər üçün yenidən hazırlığa getməyə ehtiyac yoxdur.

Xəbər verildiyi kimi bu gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov “Ümumi təhsil haqqında” qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı orta təhsil sisteminin bir qədər sadələşdirilməsini deyib:

“Şagirdi bu qədər yükləmək olmaz. Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinı tamaşa edək. O uşaqlardan gələcəkdə nə hərbçi, nə əsgər, nə də digər hüquq-mühafizə orqanlarına adam seçib götürmək çətin olacaq. Vaxtilə idmana, əyləncəyə və təhsilə də vaxt ayrılırdı. Uşaq hərtərəfli inkişaf edirdi.”

Deputatın qaldırdığı bu məsələ ölkə əhalisinin çox hissəsini narahat etdiyindən AzNews.az ekspert, müəllim Həbib Əlizadədən fikir öyrənməyə çalışıb.

O, dərs yükünün çox olması ilə bağlı məsələdə fikirlərin müxtəlif olduğunu bildirib.

"Dünyada bir neçə əsas modellər var. Avropanın bəzi ölkələrində dərslər daha rahat, əyləncəli formada keçirilir. Amma Yaponiya və Koreya kimi dərs yükü çox olan sistemlərdə isə şagirdlər daha çox oxuyur və çalışır".

Əlizadə bu modellər arasında Avropa sisteminə üstünlük verdiyini deyib:

“Xüsusən də Finlandiya və ABŞ sistemi daha yaxşıdır. Səbəb isə odur ki, şagirdlərin əylənərək öyrənməsi daha yaxşı və müsbət haldır. Düşünürəm ki, hazırkı sistemdə dərs yükünün azaldılması deyəndə dərslərə əyləncənin qatılması, praktikanın artırılması, tənəffüs vaxtının artırılması ola bilər.

Çantaların ağırlığı da əsas problemlərdən biridir. Bunun üçün müxtəlif çıxış yolları ola bilər. Məsələn, kitabların elektron dərsliklərlə əvəzedilməsi bir çıxış yoludur, amma bu da tam doğru üsul olmaya bilər. Əvvəl bəzi özəl məktəblərdə yataqxana sistemi var idi. Orada qalan uşaqlar kitab-dəftərlərini sinifdə qoyurdular. Səhər dərs alırdılar, günorta yemək yeyirdilər. Günortadan sonra 1- 2 dərs keçdikdən sonra yenə istirahət edirdilər. Sonra qayıdıb yenidən dərs oxuyurdular, bu da elə sinifdə olurdu, yəni çanta daşımırdılar. Məktəb daxilində onlar müxtəlif idman növləri ilə məşğul olurdular”.

H.Əlizadə yeni model yaratmaq lazım olduğunu bildirib:

“Doğrudur, bütün dövlət məktəblərində bunun edilməsi bir az inandırıcı deyil, amma model olaraq belə məktəblər yaradıla bilər. Məktəblərdə futbol meydançası, voleybol, tennis və digər idman növləri üçün zallar aktiv fəaliyyətdə olsun, sadəcə göstəriş üçün olmasın. Oradan uşaqlar mütəmadi olaraq istifadə edə bilsinlər. Elə olduğu halda şagirdlər də dərsə maraqlı olacaq. Hazırda narahat olan bir qrup valideyn var. Bunun bir az səbəbkarı məktəb sistemidir. Şagirdi 1-2-ci sinifdən məşğələyə göndərirlər, bu, bir az arzuedilməzdir. Əlavə hazırlığa ehtiyac varsa, yuxarı siniflərdə qoymaq olar. O vaxta qədər də xarici dil üçün hazırlığa göndərilə, əlavə olaraq rəsm, musiqi ilə məşğul ola bilərlər. Amma məktəbdə keçirilən fənlər üçün yenidən hazırlığa getməyə ehtiyac yoxdur. Uşağın eyni fənni günorta gedib başqa müəllim yanında yenidən öyrənməsi əlavə yükdür. Düzdür ola bilər ki, orta məktəb müəllimi valideyni qane etmir deyə uşağı başqa müəllim yanına hazırlığa qoyur. Bu zaman özəl məktəb də seçim ola bilər, amma belə məktəblər də hər yerdə yoxdur və həddindən artıq bahadır”.

Müəllim dövlət dəstəkli özəl məktəblərin açılmasını da təklif edir:

“Düşünürəm ki, dövlətin dəstəklədiyi liseylər fəaliyyətə başlasın, həmin məktəbin maddi-texniki bazası dövlət tərəfindən təmin olunsun, müəllimlərin maaşı və bəzi kiçik xərclər isə rəhbərlik tərəfindən qarşılansın. Belə olduqda, illiyi təxminən 2-3 minə qədər olan məktəblər açıla bilər. Onsuz da valideyn il ərzində hazırlığa yəqin ki, 2-3 min xərcləyir. Amma illiyi 15-20 min olan özəl məktəblərin xərcini hər valideyn ödəyə bilmir.

Hazırki vəziyyətdə müəllimlərin sosial vəziyyəti, valideynlərin narahatlığı digər məsələlər, çanta ağırlığı, dərs yükü çoxluğu kimi problemlərin həlli bir az mümkünsüz kimidir. Həddən artıq az-az həllər baş verir. Belə bir model var: hər bir valideynə ödəniş çeki verilir. O qəbz 3-4 min dəyərində olur. Tutaq ki, bütün məktəblər ödənişlidir, amma o ödənişi dövlət ödəyir. Onsuz da dövlət məktəbin xərclərini, müəllimlərin maaşlarını verir. Bunu mərkəzdən deyil, çek şəklində valideynlərə versə daha yaxşı olar. Hansı valideyn hansı məktəbi istəyirsə, çeki ora təqdim edir və övladını orada oxutdurur. Daha çox çek qəbul edən məktəb daha geniş imkanlara sahib olur, daha yaxşı müəllim cəlb edir. Beləliklə, rəqabət mühiti yaranır. Şagirdin hazırda dərs yükü, dərsdən sonra əyləncəyə vaxt ayıra, uşaqlığını yaşaya blməməsinin əsas səbəbi eyni dərsi iki dəfə, həm məktəbdə, həm hazırlıqda keçməsidir. Buna da səbəb orta məktəbdə dərs keyfiyyətinin aşağı olmasıdır”.

Ekspert digər bir model haqqında da danışıb:

“Digər model isə bayaq da dediyim kimi dövlət dəstəkli özəl məktəblərin yaradılmasıdır. Dövlət məktəb üçün bina ayırır, maddi - texniki bazanı təşkil edir, tədris üçün hazır vəziyyətə gətirir. Deyək ki, onun üçün tender elan edir. Hansı yaxşı müəllim komandası olan, şagird yığa bilən özəl bir məktəb varsa və ya pilot layihə olaraq hazırdırsa, gətirib təqdim edirlər. Beləliklə, həm şagird, həm müəllim, həm valideyn, həm də ölkədə təhsilin inkişafı üçün yaxşı bir model yarana bilər. Onsuz da dövlət tərəfindən tikilən, maddi-texniki bazası yaxşı olan məktəblər var. İstifadəyə verildikdən bir neçə il sonra bu baza dağılır və istifadə olunmur. Texnikalarla tədris də çox aşağı səviyyədə olur. Bölgələrdə belə məktəblər çoxdur”.

Əsmər Qabil

AzNews.az