Mətbuat Şurası İkram Rəhimova dəfələrlə xəbərdarlıq etmişdi. Mətbuat Şurası İkram Rəhimova dəfələrlə xəbərdarlıq etmişdi.
  • Toplum
  • 15 Fevral 2019 11:43
  •  2 417

"İkram və onun kimiləri milli jurnalistikanın qara ləkələridir"

Mətbuat Şurası İkram Rəhimova dəfələrlə xəbərdarlıq etmişdi.

"Bu kimi şəxslər təkcə jurnalistikaya yox, bütövlükdə cəmiyyətə zərbə vururlar və vətəndaşları mənəvi terrora məruz qoyurlar. Belə tip insanlar öz çirkin niyyətlərinə çatmaq üçün bütün vasitələrə - təhqirlər, böhtanlar və şantajlara əl atırlar".

Bunu AzNews.az-a açıqlamasında Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə reketçilik fəaliyyətinə görə həbs olunan İkram Rəhimov barədə danışarkən deyib.

Onun sözlərinə görə, reket jurnalistlərlə bağlı təbii ki, Azərbaycan Mətbuat Şurası intensiv mübarizə aparır:

"Biz Mətbuat Şurasında dəfələrlə İkram Rəhimova xəbərdarlıq etmişdik, amma bir xeyri olmayıb. Ümumiyyətlə, İkram Rəhimovun fəaliyyətinin jurnalistikaya bir aidiyyəti yox idi, o, cinayət əməlləri ilə məşğul idi. O insan “peşəkar” reket fəaliyəti ilə cəmiyyətin müxtəlif üzvlərinə, eləcə də Mətbuat Şurasının idarə heyətinin üzvlərinə nə qədər çirkin böhtanlar atırdı. Fikrimcə, bu kimi şəxslərlə cəmiyyət özü də mübarizə aparmalıdır. Hər bir vətəndaş ayıq-sayıq olmalıdır. Azərbaycan cəmiyyətinə, Azərbaycan vətəndaşına, eləcə də jurnalistikaya ləkə olan belə insanlara qarşı amansız münasibət sərgilənməlidir. Düşünürəm ki, bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yayımladığı səs yazıları və digər faktlar İ.Rəhimovun əməllərinin çox kiçik bir hissəsidir. Güman ki, yaxında onun törətdiyi bütün cinayət əməlləri araşdırılacaq və yeni faktlar ortalığa çıxacaq".

Qeyd edək ki, “Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Elgün
AzNews.az