"Bu müddət ərzində onunla görüşməmişdim". "Bu müddət ərzində onunla görüşməmişdim".
  • Toplum
  • 20 Fevral 2019 12:11
  •  3 854

ABŞ-da öldürülən 29 yaşlı iş adamının qardaşı - "Bizə məlumat verdilər ki..."

"Bu müddət ərzində onunla görüşməmişdim".

ABŞ-ın Şimali Karolina ştatında öldürülən 29 yaşlı azərbaycanlı iş adamı Elçin Xəlilovun qatili həbs olunub.

Bu barədə AzNews.az-a mərhumun qardaşı Elton Xəlilov məlumat verib.

O, qeyd edib ki, qatil mərhumu qarət məqsədi ilə öldürüb:

“Bizə məlumat verdilər ki, Elçinin qatili həbs olunub. Qatil mağazaya oğurluq məqsədi ilə girib. Cinayət işi ilə bağlı aparılan proseslər Azərbaycandakı kimi deyil. Cinayətlə bağlı hər dəqiqə məlumat ala bilmirsən. İstintaq bitəndən sonra geniş məlumat veriləcək”.

Elton Xəlilov vurğulayıb ki, mərhumun Amerikada yaşamaq arzusu olub:

“O, özü ABŞ-ı seçdi. Bizim o ölkədə heç bir tanışımız yoxdur. 4 il bundan əvvəl iş qurmaq məqsədi ilə ora getdi. Amerika həyatından çox razı idi. Biz tez-tez telefonla danışırdıq. Amma bu müddət ərzində onunla görüşməmişdim. Təbii ki, hər bir gənc kimi Elçinin də arzuları vardı. Onun bütün arzuları yarımçıq qaldı”.

Qeyd edək ki, yanvarın 15-də ABŞ-ın Şimali Karolina ştatında "Fixer Electronic Repair" mağazasının sahibi, azərbaycanlı iş adamı Elçin Xəlilov güllələnib. 29 yaşlı iş adamı iş yerində silahlı hücuma məruz qalıb. O, aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib.

Xatırladaq ki, Elçin Xəlilovun cənazəsi Azərbaycana gətirilib və mərhum Sumqayıt şəhərindəki qəbiristanlıqda dəfn olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az