Ailənin çox gözəl funksiyaları var. Ailənin çox gözəl funksiyaları var.
  • Toplum
  • 20 Fevral 2019 12:31
  •  1 535

Azərbaycanda niyə boşanmaların sayı artır? - Sosioloq rəyi

Ailənin çox gözəl funksiyaları var.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.

AzNews.az nikahların pozulma hallarının günü-gündən artmasının səbəbini sosioloq Əhməd Qəşəmoğludan soruşub.

“Əgər proseslər bu cür davam etsə, boşanmaların sayı daha da artacaq. Təəssüf ki, mən 10 il əvvəl də bunu demişdim və həmin 10 il mənim dediyimi təsdiq etdi. Bu proqnozu vermək də qeyri-adi hünər deyil. Çünki hər bir insanın davranışına təsir edən üç ciddi amil var. Birincisi mühit, ikincisi informasiya, üçüncüsü insanın üstünlük verdiyi dəyərlərdir. Son illərdə cəmiyyət olduqca mürəkkəbləşib və ildən ilə bu qloballaşmanın getməsi ilə bağlı proseslər gedir. Belə mürəkkəbləşən cəmiyyətdə mühit elə gərginləşib ki, bu mühitdə ailə dəyərləri zəifləməyə başlayıb. İnformasiyaların məzmunu dəyişib. Baxılan bütün teleseriallar, son dövrlərdə yazılan bütün bədii əsərlər, sosial şəbəkələr bütün bunların hamısından alınan informasiyalar yenə də ailənin zəifləməsinə xidmət edir. Eyni zamanda bütün cəmiyyətə ahəng verən, cəmiyyəti müsbət yönləndirən həmişə mənəvi dəyərlər olub. Buna görə də bütün müdrik insanlar, dini kitablar, peyğəmbərlər bizə deyib ki, mənəvi dəyərlərə üstünlük vermək lazımdır. Mənəvi dəyər azalanda, ikinci plana keçəndə cəmiyyətdə xoşagəlməz hallar baş verir. Ailənin də möhkəmlənməsində ən mühüm rollardan birini də mənəvi dəyərlər oynayır. Təəssüf ki, son on illikdə mənəvi dəyərlər sıxışdırıldı, arxa plana keçdi. Önə isə maddi və başqa dəyərlər gəldi. Bütün bunların hamısı istənilən orta səviyyəli sosioloqa imkan verir ki, proqnoz etsin ki, bu proseslər belə davam etsə, ilbəil ailələrdə boşanmaların sayı artacaq. Çünki dediyim üç amildə ailəyə mənfi təsir edir. Buna görə də proseslərə belə baxmaq SOS siqnalı çalmağa, qışqırmağa məcbur edir bizi”.

Sosioloq “Ailələrin dağılması pis haldırmı? Axı biz müasir cəmiyyətdə yaşayırıq, bu, təbii deyil?” sualIna da cavab verib.

“Bu, tamamilə səhv fikirdir, çünki istənilən dövrdə ən böyük alimlər də ailənin dəyərindən çox yazıblar. Ailənin funksiyası nədir? Ailə nə dərəcə lazımdır? Ailə ona görə lazımdır ki, insanlar cəmiyyətdə məruz qaldıqları təzyiqləri ailədə əks tərəfə, yəni həyat yoldaşları na danışaraq problemləri birgə həll edə bilərlər. Ailə ilham mənbəyidir. Bir-birini sevən iki şəxsin qurduğu ailədirsə, uşaqlar varsa, onların hər biri bir-birlərindən müsbət enerji alır və bu, onlara güclü təsir edir. Necə ki, çiçəyə günəş şüası lazımdırsa, insana da belə müsbət enerji lazımdır. Ailə ən gözəl xəstəxanadır. Bir var xəstələnəndə tək başına bununla mübarizə aparasan, bir də var evdə həyat yoldaşın, uşaqların sənin qayğına qala. Ailə yeni nəslin daha yaxşı artması, inkişaf etməsi üçün daha doğru yerdir. Digər tərəfdən də ailə hər bir körpəni həyata hazırlamaq məktəbidir. Deyə bilərlər ki, insanlar ailə həyatı qurmadan da uşaq dünyaya gətirə bilər. Bəli, elədir, amma bir fərq var. O uşağı dünyaya gətirib küçəyə də ata bilərlər, internat məktəblərinə də verə bilərlər. Amma normal ailədə dünyaya gələn uşaqlar daha sağlam olurlar, daha yaraşıqlı olurlar. Sevgi və qayğı o uşaqları zahiri görkəmcə daha da gözəlləşdirir.

Belə sadalayanda görürük ki, ailənin çox gözəl funksiyaları var. Əgər hələ də ailə olmasa idi, təcili şəkildə onu ixtira etmək lazım olacaqdı”.

Nigar CƏFƏR

AzNews.az