Çəkilişlər Quba rayonunun Qalaxudat kəndində aparılıb. Çəkilişlər Quba rayonunun Qalaxudat kəndində aparılıb.
  • Toplum
  • 20 Fevral 2019 16:22
  •  2 316

“Xocalı” kompozisiyasının təqdimatı – VİDEO

Çəkilişlər Quba rayonunun Qalaxudat kəndində aparılıb.

20 fevral Beynəlxalq Mətbuat Mərkəzində “ARB Günəş”in istehsalı olan “Xocalı” klipinin təqdimat mərasimi baş tutub.

Ölkənin ilk uşaq telekanalı “ARB Günəş” Xocalı soyqırımının qurbanı olan, həyatını, ailəsini itirən uşaqların faciəsini əks etdirən klip çəkib. Məqsəd ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım əməllərini unutmamaq və Xocalı həqiqətləri haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Ekran işi 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda uşaqların başına gətirilən müsibətlərdən, onların aldığı psixoloji və mənəvi zərbələrin ağırlığından bəhs edir. Həmin gecə 63 uşaq qətlə yetirilib, 76 uşaq yaralanıb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Klipin əsas süjet xətti müharibənin uşaqlara yaşatdığı acılar, savaşa onların gözü ilə baxmaq üzərində qurulub. Ekran işinin quruluşçu rejissoru Dəyanət Rzayevdir. Musiqi kompozisiyası tanınmış bəstəkar Sevinc Tofiqqızına məxsusdur. Çəkilişlər Quba rayonunun Qalaxudat kəndində aparılıb. Rolları məşhur çapar, “Sərhədçi Atçılıq İdman Klubu”nun üzvü 9 yaşlı Gülay Fərzəliyeva, şair Zülfüqar Qalaxudatlı, bəstəkar Sevinc Tofiqqızı, Elmar Hacıyev, Mais Allahverdiyev, Azər Sultanov və digərləri canlandırıb.

“ARB Günəş” televiziyası Qarabağ, cəbhə uşaqları mövzularına həmişə diqqət və həssaslıqla yanaşıb. Telekanal 2016-cı ildə Tərtər, Ağdam və digər cəbhəboyu ərazilərdə müharibə şəraitində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb. “Onlar uşaqlığını yaşaya bilmir” devizi ilə lentə alınan videoçarxlarda ermənilərin balacaların “əlindən aldıqları”, mərmi, silah səsləri ilə müşayiət olunan uşaqlıq ictimaiyyətə göstərilib.

Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi təmsil edən “ARB Günəş”in nümayəndə heyəti Xocalı həqiqətlərini, ermənilərin vəhşiliyi nəticəsində həlak olan, valideynlərini və ailə üzvlərini itirən azərbaycanlı uşaqların acı həyat hekayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.