İki sığorta şirkətinin qəzaya düşən sürücülərə dəyən ziyanı ödəməkdən boyun qaçırması barədə redaksiyaya şikayətlər daxil olub. İki sığorta şirkətinin qəzaya düşən sürücülərə dəyən ziyanı ödəməkdən boyun qaçırması barədə redaksiyaya şikayətlər daxil olub.
  • Toplum
  • 23 Fevral 2019 17:23
  •  1 917

"Atəşgah sığorta ilə yol polisi anlaşıb məni günahkar çıxardı”

İki sığorta şirkətinin qəzaya düşən sürücülərə dəyən ziyanı ödəməkdən boyun qaçırması barədə redaksiyaya şikayətlər daxil olub.

Vətəndaş Novruz Novruzov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2018-ci il noyabrın 10-da “Semaşko” xəstəxanasının qarşısında idarə etdiyi 10 VN 373 nömrəli “Nissan Sunny” markalı avtomobillə sol zolaqda geriyə dönmə edən zaman arxadan gələn 90 KX 950 nömrəli “Mercedes ML” markalı avtomobil onu sol ön hissədən vurub.

Özünü “Hacıxanım” kimi təqdim edən Qönçəxanım Mayılovanın idarə etdiyi “Mercedes”ə ciddi zərər dəyməsə də, “Nissan”a böyük ziyan dəyib.

N.Novruzov qeyd edib ki, qarşı tərəfin maşınını sığortalayan “Atəşgah” sığorta şirkətinə zəng edərək hadisə yerinə çağırsa da, onlar bundan imtina ediblər. Deyiblər ki, yol polisi ilə telefonda danışıblar, onlar da bildirib ki, günah sürücüdədir.

“Yol Polisi İdarəsində inspektor Tural İsmayılovun yanına getdik, dedi “ərazidə təhlükəsizlik kameraları işləməyib, hadisənin görüntüsü yoxdur. Mənim şəxsi analizimə görə günah səndədir. Çünki əvvəlcə sağa çıxıb sonra sola dönmüsən, buna görə də sol arxadan gələn maşını gözləməliydin”. Mən isə belə manevr etmədiyimi dedim. Daxili İşlər Nazirliyinin rəhbərliyinə də müraciət etdim, inspektorun verdiyi qərarı qüvvədə saxladılar. Məhkəməyə müaciət etmişəm, ekspertiza təyin edilib. Ekspert rəyi məhkəməyə göndərib, o da məhkəmə prosesində açıqlanacaq. Mən maşınıma dəyən 2 min manata yaxın ziyanı ala bilmək üçün 3 aydan çoxdur get-gəl edirəm. “Atəşgah” sığorta ilə yol polisi anlaşıb məni günahkar çıxardı, çünki mənə dəyən ziyan çoxdur və onu ödəmək istəmirlər”.

Digər şikayət isə “Standart İnsurance” haqqındadır. Jurnalist Orxan Əlinin avtomobili 2019-cu il yanvarın 3-də başqa maşının sürücüsü tərəfindən vurulub. O bildirib ki, yol polisi qəzanın qarşı tərəfin günahından baş verdiyini rəsmi olaraq bildirsə də, sığorta şirkətinin əməkdaşları özləri müstəqil araşdırma aparıb onu günahkar çıxarıblar. 15 gündən sonra isə yol polisinin qərarı ilə razılaşmalı olublar. Bu dəfə isə "Performance Centre"in Babək filialında maşının təmiri üçün 2305 manat hesablansa da, “Standart İnsurance” 1800 manat qiymətləndirib. Bir aydan sonra isə şirkət bu məbləğlə də razılaşıb. O.Əli bu müddət ərzində özü "Performance Centre"ə 2305 manat ödəyib maşınını götürsə də, sığorta hələ də pulu ödəməyib.

Orxan Əli qeyd edib ki, “Standart İnsurance”dan sığorta pulunu almaq istəyəndə “Ziyandayıq, pulumuz yoxdur, ödəyə bilmirik. Sizin pulunuz aprel ayının 4-dən sonra ödənəcək” cavabını alıb.

“Atəşgah” sığortadan “Qafqazinfo”ya bildirilib ki, onlar hadisə yerində olub, foto və video çəkiblər. Şirkət iddia edib ki, Novruz Novruzov ona dəyən ziyanla bağlı onlara hər hansı sənəd təqdim etməyib.

“Standart İnsurance”la da əlaqə saxlayıb suallarımızı ünvanladıq. Amma şirkət rəsmisi gün ərzində mövzu ilə bağlı açıqlama veriləcəyini bildirsə də, hər hansı cavab gəlməyib.


AzNews.az