İordaniyadakı səfirimizin məqaləsi maraqla qarşılanıb. İordaniyadakı səfirimizin məqaləsi maraqla qarşılanıb.
  • Toplum
  • 17 İyun 2019 18:19
  •  1 644

“Azərbaycanın Milli Qurtuluş Günü” İordaniya mətbuatında

İordaniyadakı səfirimizin məqaləsi maraqla qarşılanıb.

İyunun 15-də İordaniyanın aparıcı qəzetlərində və xəbər portallarında Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin “Azərbaycan xalqı Milli Qurtuluş Gününü anır” sərlövhəli məqaləsi dərc edilib.

Məqalənin müqəddiməsində səfir iyunun 15-nin müasir Azərbaycan Respublikasının tarixinə adı təqvim günü kimi deyil, məhz özəl ictimai-siyasi və tarixi gün kimi daxil olduğunu diqqətə çatdıraraq. O, 1993-cü ilin həmin günündə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtdığını qeyd edib.

Müəllif 1991-ci il oktyabrın 18-də XX əsrdə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycanın ilk illərdə üzləşdiyi bütün çətinlikləri təsvir edərkən səriştəli liderin mövcud olmamasının Ermənistanın ərazilərimizin davamlı işğalına yol açdığını təəssüflə xatırladıb, belə bir ağır vəziyyətdə cəmiyyətin bütün təbəqələrinin nicat yolunun yalnız Heydər Əliyevin timsalında qüdrətli şəxsiyyətdə gördüklərini vurğulayıb.

Davamı olaraq, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtdığını yazan səfir R.Rzayev bu qayıdışın hərtərəfli siyasi, sosial və iqtisadi inkişafın əsasını qoyduğuna, Azərbaycanın qüdrətlənməsinə, sivil dünyaya inteqrasiya prosesinə start verdiyinə, habelə Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin gələcəyə inamla baxan respublikaya çevrildiyinə diqqət çəkib.

Sonra məqalədə 15 iyun gününün 1997-ci il iyunun 27-də Milli Məclisin qərarı ilə əbədiləşdirildiyi, həmin ildən bəri bu günün Azərbaycan xalqı tərəfindən anıldığı bildirilib. Ulu Öndərin Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi naminə milli həmrəyliyin yaradılması istiqamətində ardıcıl addımlar atdığı, bu addımlardan birinin isə müxtəlif qitələrdə yaşayan soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələrini gücləndirmək, o cümlədən dil və ideoloji vəhdəti möhkəmləndirmək amacı ilə Dünya Azərbaycanlılarının Konqresinin keçirilməsinə başlanıldığı oxucu kütləsinin diqqətinə çatdırılıb.

Bu gün Azərbaycanda dövlətçilik ənənələrinin mövcudluğuna toxunan səfir R.Rzayev ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin ölkəmizi gələcəyə doğru inamla apardığını vurğulayın, dövlətimizin başçısının “Heydər Əliyev hər zaman qalib olub və bütün mübarizələrdən qalib çıxıb. Heç kim – nə xaricdəki düşmənləri, nə də ki, ölkənin daxilində özlərini ona rəqib kimi təqdim etməyə çalışanlar - ona qalib gələ bilməyib. Bu gün Heydər Əliyev bizimlə deyildir. Ancaq bizim qəlblərimizdə, düşüncələrimizdə və əməllərimizdə yaşayır. Onun siyasəti yaşayır və əbədi olaraq davam edəcəkdir” fikirlərini diqqətə çatdırıb.

Sonra səfir ulu öndər Heydər Əliyevin müstəqilliyin bərpasından sonra ilk illərlə bağlı ölkədəki vəziyyət barədə mühüm fikirlərini məqaləsində əks etdirərək yazib: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi–strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, ikinci tərəfdən daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

“Heydər Əliyevin iradəsi məğlubedilməz idi. Uzaqgörənliyi, fədakarlığı onu dünya azərbaycanlılarının liderinə çevirib. Bütün əməllərində Vətəninə sədaqət Ulu Öndəri Vətənə xidmətdə örnəyə, bununla da bənzərsiz Ümummilli Liderə çevirib. Ümummilli Lider ömrünü həyatından çox istədiyi xalqına və ölkəsinə həsr etmiş müdrik dövlət xadimi və siyasi xadim idi. Bu da Ulu Öndərə müasir tariximizin banisi adını qazandırıb. Azərbaycan xalqı Heydər Əliyev irsinə gələcəyin təminatçısı kimi yanaşır” – deyə səfir R.Rzayev məqaləsində vurğulayıb.(AZƏRTAC)

AzNews.az