Şahin Mustafayev avstriyalı səfirlə müzakirə apardı

Şahin Mustafayev Bernd Aleksander Bayerl ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerl ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Şahin Mustafayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi önəmini qeyd edib. O, qeyd edib ki, bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Görüşdə bildirilib ki, ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb, 40-a yaxın sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyənnamə imzalanıb. Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurası ölkələrimiz arasında əlaqələrə töhfə verir.

Bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu qarşılıqlı əlaqələrin inkişafına verilən önəmin göstəricilərindəndir.

Görüşdə hazırda Azərbaycanda 50-yə yaxın Avstriya şirkəti sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Avstriyanın tərəfdaşlığı ilə 5 tvinninq layihəsindən 4-ü artıq icra olunub, 1 layihə üzrə işlər isə davam etdirilir.

Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu vurğulayan Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerl ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Avstriya-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

AzNews.az