Bərdədə "saçaqlı pendir" istehsal edən sexlə bağlı Rayon prokurorluğundan açıqlama

AQTA: Həmin sex standartlara cavab verməyənə kimi fəaliyyət göstərə bilməz

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bərdə rayonunun Bəciravan kəndində antisanitar şəkildə fəaliyyət göstərən "saçaqlı pendir" istehsal edən sex aşkarlanıb.

AzNews.az mövzunu diqqətdə saxlamaq üçün bir çox əlaqədar qurumlarla əlaqə yaratdı.

İlk olaraq AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva məlumat verdi ki, həmin sex standartlara cavab verməyənə kimi fəaliyyət göstərə bilməz:

“Həmin müəssisə hazırda fəaliyyətini dayandırıb. Növbəti mərhələdə əgər fəaliyyətlərini qanuna uyğun qursalar, işlərini tələblərə uyğun yerinə yetirsələr, müraciət edib AQTA-nın qeydiyyatından keçib yenidən davam edə bilərlər. Amm indi o müəssisə fəaliyyət göstərmir.

Onu da qeyd edim ki, belə müəssisələrin çoxunun adı, həmçinin məkanı haqda dəqiq informasiya olmur. Hazırlanan pendirlər açıq şəkildə qablaşdırılır və üstündə etiket də vurulmur”.

Bu insidentə görə cinayət işinin açılıb-açılmaması ilə bağlı Bərdə rayon prokurorluğu ilə əlaqə saxladıq.

Prokurorluq əməkdaşı belə pendir sexlərinin sayının çox olduğunu vurğuladı:

“Bu məsələ ilə bağlı hazırda cinayət işi açılmayıb. Problem AQTA-nın öhdəliyindədir”.

Son olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, antisanitar şəraitdə hazırlanan pendir insanlarda kəskin mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilir.

“Təəssüflər olsun ki, pendirin saxlama müddəti haqqında nəsə deyə bilməyəcəm. Amma onu qeyd edim ki, sanitariya qaydalarına əməl olunmazsa, bu, insanlarda mədə-bağırsaq xəstəlikləri yaradar. Xüsusən də fiziki cəhətdən zəif insanlarda. Bu xəstəlik həmçinin heyvan kəsimindən yaranan antisanitariya nəticəsində də üzə çıxa bilər”.

Səidə Vahid

AzNews.az