Bu gün ailə münasibətlərində dözümlülük, sabitlik, etibarlılıq kimi psixoloji amillər yoxdur Bu gün ailə münasibətlərində dözümlülük, sabitlik, etibarlılıq kimi psixoloji amillər yoxdur
  • Toplum
  • 21 Noyabr 2019 12:11
  •  4 135

"Sosial şəbəkələr insanları sanki əxlaqsızlığa aparır"- Ekspertlər boşanma səbəblərindən danışdı

Bu gün ailə münasibətlərində dözümlülük, sabitlik, etibarlılıq kimi psixoloji amillər yoxdur

Xəbər verdiyimiz kimi, dünən Dövlət Statistika Komitəsi demoqrafik göstəriciləri açıqlayıb. Məlum olub ki, doqquz ayda 42 min 17 ölüm halı, 46 min 898 nikah, 12 min 713 boşanma rəsmiləşib.

Bəs görəsən boşanmaların əsas səbəbi nələrdir?

AzNews.az məsələyə aydınlıq gətirmək üçün ekspertlərin fikrini öyrənib.

Psixoloq Gülnar Orucova bildirib ki, boşanmaların sayının artması müxtəlif səbəblərdən ola bilər. Amma əsas səbəb olaraq, o, sosial şəbəkələri gördüyünü deyib:

"Ailə-məişət problemləri hər zaman hər bir ölkədə olub. Maddi baxımdan olan problemlər, yəni, bir ailədə maddi baxımdan çətinlik olursa, xanım hər zaman həyat yoldaşına dəstək olur. Hazırki dönəm elə bir dönəmdir ki, xanımlara iş tapmaq o qədər də çətin deyil. Xanım maddi baxımdan hər hansı bir sıxıntı olarsa, çalışıb işləyib ailəni təmin etməyə çalışacaq. Amma sosial şəbəkələr insanları sanki əxlaqsızlığa aparır. Sosial şəbəkələrin olmadığı dövrlərdə, 80-90-cı illərdə bir hadisə olardısa, bunu ailənin ağsaqqalları, ağbirçəkləri həll edərdi və barışıq olardı. Hazırda olan hadisələr sosiallaşdırılır. Belə deyək, cəmiyyətdə onu digər insanlar da görür. Elə hadisələr var ki, bunu insanlar ənənə sayır, normal qəbul edir. Halbuki, bizim milli-mənəvi dəyərlər buna yox deyir. Bu ailə-məişət problemləri sosiallaşdırılır, qabardılır və cəmiyyətə ötürülür. Bunların hamısına nəzər salsaq görərik ki, hamısı eyni səbəblərdəndir. Baxırıq ki, motiv eynidir. Ümumiyyətlə, boşanmaların səbəblərindən biri də qadına verilən azadlıqdan onun sui istifadə etməsi, eyni zamanda kişilərin xəyanəti adi qəbul etməsidir. Çünki bugünki gündə ən çox ailələr xəyanət üstündə dağılır. Bunu da dərinliyə gedib araşdırsaq, sosial şəbəkələrin başlıca səbəb olduğunu görəcəyik. Əslində virtual şəbəkədən həyatında boşluq olan, özünü tapa bilməyən insanlar istifadə edir. Sanki insanların yaxşı yönü bir tərəfdə qalır, pis yönünə doğru gedirlər. Sosial şəbəkənin əslində yaxşı tərəfləri də var. Nədənsə tanışlıq, xəyanət üçün sosial şəbəkələrdən istifadə olunur.

Qaynana-gəlin problemlərini də deyə bilərik. Amma hazırki dövrdə qaynanalar gəlinlərinə çox yaxşı, öz qızları, öz balaları kimi baxırlar. Əvvəllər qaynanalar gəlinlərə müəyyən qadağalar, tələblər qoyurdu və gəlinlər tələblərə əməl etmədikdə problemlər yaranırdı. İndi isə qaynanaların hər biri imkanı çatacaq qədər ev alıb və ya kirayə tuturlar ki, gəlinlə münasibətləri normal olsun.

Digər problem isə erkən nikahdır. Ümumiyyətlə, bir gənci 18-20 yaşında ailə qurmağa məcbur etmək lazım deyil. Qoyun gənc mənəvi, maddi, psixoloji, fiziki baxımdan bu evliliyə hazır olsun sonra qərar versin. Qoyun oğlan 25-30 yaşında evlənsin, qızlar 25-28 yaşında ailə qursun, sağlam düşünə bilsin. İnsan sağlam düşünəndə, öz ayaqları üstündə dayana biləndə, öz tələbatlarını ödəyə biləndə daha doğru qərarlar verir, nəinki, məcburu evləndiriləndə. Sevgi əsasında qurulmayan ailələr, əlbəttə ki, ayrılıqla nəticələnəcək".

"Təmiz Dünya" ictimai birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, gənc ailələrə dəstək mütləqdir:

“Boşanmaların bir çox səbəbləri ola bilər. Əsas məsələ odur ki, bu gün ailə münasibətlərində dözümlülük, sabitlik, etibarlılıq kimi psixoloji amillər özünə yer tapmır. Dözümlülük deyəndə zorakılığa dözümlülüyü nəzərdə turmuram. Bütün problemlərdə bir-birinə qarşı dözümlülük məsələsidir. Bu, ümumi əhvaldandırmı, ümumi ehtibarsızlıq sindiromudurmu və yaxud şübhələnməkdəndirmi, bilmirəm... Şübhə olan yerdə ailənin birgə qalması çətin olur. Eyni zamanda ailədə müdaxilələr, iqtisadi amillər, psixoloji uyğunsuzluq, cinsi uyğunsuzluq, bir-birini tamamlamamaq və s. də ailələrin yola getməməsi ilə nəticələnir. Ailədə məsuliyyət, öhdəliklərin bölgüsü də düzgün olmadıqda boşanma qaçılmaz olur. Təbii ki, əvvəlki subardinasiya, böyük icma şəklində yaşaya bilməmək və yaxud özündən böyüklərin müdaxiləsinə dözüm göstərə bilməmək, bu müdaxilənin neqativ təsirləri, mənəvi dəstəyin olmaması, bunlar hamısı ailədə soyuqluq yaradır. Mənəvi dəstək - bu çox vacib amildir. Ailələrdə dəstək yoxdur. Gənc ailələrin çətinliklərdən çıxmasına yardım etmək əvvəllər var idi. Hazırda bu vərdişlər itirilib. Əvvəl ümumi qınaq, ictimai nəzarət mexanizmi var idi. Bu qınaq pozitiv qınaq idi, çünki ailələrin dağılmasına mane olurdu. Amma biz hazırda zorakı yollarla ailəni qorumaq istəyirik".

Səidə Vahid

AzNews.az