Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi Agentliyi
  • Toplum
  • 13 Fevral 2020 13:45
  •  2 543

Azərbaycanda pilot dönərxanalar yaradılacaq

Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycanda bütün sanitar gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən, nümunəvi pilot dönərxanalar yaradılacaq.

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində "Süfrə" MMC yaradılacaq: "Həmin qurumun əsas rolu ondan ibarətdir ki, onlar qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tətbiq edəcəklər. Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxana yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər. Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik".

Q.Təhməzli əlavə edib ki, dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək.

Agentliyin sədrinin sözlərinə əsasən, ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının verdiyi tövsiyələrə əsasən, həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir.

Q.Təhməzli qeyd edib ki, agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir.

Heyvan kəsimi məntəqələrində də Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək: "Biz bunu ona görə xüsusi qeyd edirik ki, sonradan bu məsələyə narazılıq edə bilən insanlar bu layihənin hər hansı məqsədlərə söykəndiyini iddia etməsinlər. Bu, sırf qıda təhlükəsizliyinin təmin olunmasına yönəlib".