Suraxanı Rayon İcra Hakimiyyəti əsassız xəbərə münasibət bildirdi

Qeyd olunan qəzalı yataqxana binasında yaşayan 71 ailədən 69-u və 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi birdəfəlik maddi yardım müqabilində həmin binadan köçürülmüşdür

20.05.2020-ci il tarixində www.hit.az saytında “Suraxanı icra başçısı vərəm xəstəsini evsiz qoyub” adlı başlıqla dərc edilmiş xəbərdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasının sakini Dövlətov Zaur İbrahim oğlunun sözügedən binadan köçürülməsi müqabilində ona birdəfəlik maddi yardım verilməməsi ilə bağlı iddiası göstərilmişdir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti açıqlamasında bildirib ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən qəzalı hesab edilmiş Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən sözügedən yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə orada yaşayan ailələrə birdəfəlik maddi yardım ödənilməklə onların köçürülməsi üçün Bakı Şəhər İcra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmirinə ayrılmış vəsait hesabına Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə maliyyə vəsaiti ayrılmışdır.
Qeyd olunan qəzalı yataqxana binasında yaşayan 71 ailədən 69-u və 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi birdəfəlik maddi yardım müqabilində həmin binadan köçürülmüşdür.
Bildiririk ki, vətəndaş Dövlətov Zaur İbrahim oğlunun 7 nəfər ailə tərkibi ilə (atası, anası, bacısı, bacının 3 övladı və özü) yaşayış yeri üzrə həmin yataqxana binasında qeydiyyatda olduğu, lakin bacısının ailə qurduqdan sonra orada ailə üzvləri ilə yaşamadığı müəyyən edildiyindən onun atası Dövlətov İbrahim Qənbər oğluna 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğlu Zaur Dövlətov) 35 000 manat birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur.
Lakin vətəndaş Dövlətov İbrahim Qənbər oğlu övladı Abduləliyeva Füruzə İbrahim qızının öz ailə üzvləri ilə birlikdə həmin yataqxanada yaşadığını əsas gətirərək onların ailəsi üçün ayrılmış birdəfəlik maddi yardımı qəbul etməmiş və əlavə məbləğin ödənilməsini tələb edərək məsələni məhkəmə müstəvisində mübahisələndirmişdir.
Həmçinin, Suraxanı RİH-in Dövlətov İbrahim Qənbər oğluna və onun ailə üzvlərinə qarşı qaldırdığı “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otaqların boşaldılması” iddia tələbi Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilmiş, eləcə də həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
Eyni zamanda şikayətçi Z.Dövlətovun vərəm xəstəsi olması ilə bağlı iddiasına RİH tərəfindən cavab olaraq bildirilmişdir ki, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının məlumatına əsasən o, Suraxanı rayonu üzrə Vərəm Şöbəsinin qeydiyyatında yoxdur.
Vətəndaş Z.Dövlətovun şikayətinin dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə süni şəkildə edildiyi istisna olunmur.
Vurğulamaq zəruridir ki, yuxarıda qeyd olunan yataqxana binasının sakinlərinin köçürülməsi ilə bağlı qərar 2017-ci ildə verilərək həmin dövrdə köçürülmə işlərinə başlanılmasına baxmayaraq www.hit.az saytı qərəzli mövqedən çıxış edərək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu “Suraxanı icra başçısı vərəm xəstəsini evsiz qoyub” mövqeyi ilə haqsız ittiham etmişdir. Belə ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə təyin olunmuşdur.

image description