İndiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub İndiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub
  • Toplum
  • 30 Noyabr 2020 20:08
  •  2 169

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi

İndiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib.

ƏƏSMN-dən AzNews.az-a bildirilib ki, ümumilikdə bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub.

Xaçmaz və Qusar rayonlarında evlərin təqdim edilməsi tədbirlərində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirində Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov, rayon İcra Hakimiyyətlərinin rəsmiləri iştirak ediblər.

Beləliklə, indiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri Qələbə sevinclərini bölüşüb, Ordumuzun uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyindən, rəşadətindən qürurla bəhs edib, bu böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər. Həmçinin daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər