• Toplum
  • 19 Aprel 15:11
  •  1 052

Media nümayəndələri üçün müsabiqə

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.

AzNews.az-a verilən məlumata görə, 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:

- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;

- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;

- Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;

- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək press@edu.gov.az elektron ünvanına göndərməlidir;

- Hər iştirakçı bir videohekayə göndərə bilər;

- Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.