- Toplum
- 11:50
- 1 006
Sosial media aludəçiliyi uşaqlarda hansı xəstəliklər yaradır?
Sosial media asılılığı olan uşaqlarda miopiya, baş ağrısı, qidalanma pozğunluğu, piylənmə və diabet kimi xəstəliklərə rast gəlinir. Yetkinlik yaşına çatmayan uşaqlarda əzələ və onurğa problemləri də formalaşa bilər.
Aznews.az xəbər verir ki, bunu pediatr Yalçın Mirzəyev Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirədə deyib.
Həkimin sözlərinə görə, sosial mediada “like”, şərh və bəyənmələr dopamin asılılığı yaradır. Sosial media asılılığı isə ən təhlükəli asılılıq növlərindən biri hesab olunur.
"2024-cü ildə yayımlanan bir araşdırmaya görə, sosial mediadan həddindən artıq istifadə edən milyonlarla uşaq arasında depressiya və digər psixi problemlərə daha çox rast gəlinir.
Uşaqlar diqqətlərini inkişaf etdirmək üçün fokuslanmalıdırlar. Sosial mediadakı qısa “reels” və oxşar videolar diqqət dağınıqlığına səbəb olur, eyni zamanda yuxu ritmini pozur. Kiberzorakılığa məruz qalan uşaqlarda intihara meyillilik də artır. Sosial media eyni zamanda elektron siqaretlərə meyli də artırır".
Pediatr vurğulayıb ki, uşaqlar bu platformalardan gündəlik istifadə etsələr də, bir çox valideynlər təhlükəsizliklə bağlı kifayət qədər məlumatlı deyillər.
"İki yaşlı uşaq rəqəmsal platformalardan qırx yaşlı valideynə nisbətən daha mükəmməl istifadə edə bilir. Bu şərtlər daxilində qırx yaşlı valideynin bu mühitdə bütün riskləri tam nəzarətdə saxlaması, iki yaşlı uşağı bu təhlükələrdən qoruya bilməsi real görünmür.
Biz pediatrlar olaraq uşaqların rəqəmsal mühitdə qorunması mövzusunun məktəb dərslərinə əlavə edilməsini təklif edirik"./trend