- Toplum
- 18:14
- 979
Əlavə və qiyabi təhsildə oxuyanlar təhsil krediti ala biləcək? - Rəsmi AÇIQLAMA
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində ikinci ali təhsil almaq istəyənlər üçün illik təhsil haqqı 5500 manatdan 7600 manata yüksəldilib. Bu qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Hər il yüzlərlə vətəndaş ikinci ali təhsil almaq, ixtisasını dəyişmək və ya peşəkar biliklərini artırmaq üçün universitetlərə müraciət edir. Təhsil xərclərinin artması fonunda isə bir çox şəxslər təhsil kreditlərindən yararlanmaq imkanları ilə maraqlanırlar.
Bəs Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verir? İkinci ali təhsil, qiyabi təhsil alan şəxslər bu imkanlardan yararlana bilirlərmi?
AzNews.az xəbər verir ki, mövzu ilə bağlı TTKF-dən Redaktor.az-a bildirilib ki, 2021-ci ildən fəaliyyət göstərən Fond artıq 5 ildir ki, minlərlə tələbənin təhsil xərclərinin maliyyələşdirilməsinə dəstək göstərir:
"Təhsil tələbə kreditlərindən əyani təhsilalma forması üzrə ödənişli əsaslarla təhsil alan tələbələr yararlana bilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na əsasən, təhsil tələbə kreditləri yalnız əyani təhsilalma forması üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Bu səbəbdən qiyabi təhsil alan şəxslərin təhsil tələbə krediti ilə təmin olunması hazırda qüvvədə olan qaydalarda nəzərdə tutulmur.
Əlavə təhsil üzrə isə yalnız təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili alan şəxslər təhsil tələbə kreditindən yararlana bilirlər. Sosial statusu olan tələbələr ilk semestrdən etibarən sosial təhsil tələbə krediti ala bilirlər. Sosial statusu olmayan və müsabiqədənkənar qəbul olunan tələbələr isə birinci semestrin sonunda ümumi orta müvəffəqiyyət göstəricisi 71 və daha yuxarı olduğu, həmçinin akademik borcu olmadığı halda ikinci semestrdən etibarən standart təhsil tələbə kreditindən faydalana bilərlər".