Nəcib Razaka qarşı yeni ittiham irəli sürülüb. Nəcib Razaka qarşı yeni ittiham irəli sürülüb.

Keçmiş baş nazirə qarşı yeni ittiham

Nəcib Razaka qarşı yeni ittiham irəli sürülüb.

Kuala Lumpur məhkəməsində Malayziyanın 1MDB dövlət investisiya fondundan oğurluqla əlaqədar bir neçə korrupsiya əməlinə görə mühakimə edilən və istintaq altında olan sabiq baş nazir Nəcib Razaka qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə “The Star” qəzeti internet saytında məlumat yayıb. Sabiq baş nazir bu dəfə 2016-cı ildə 1MDB fondunun fəaliyyəti ilə əlaqədar audit hesabatlarını məqsədli şəkildə saxtalaşdırmaqda ittiham olunur. Dekabrın 10-da həmin ittihamla Milli Antikorrupsiya Komissiyası tərəfindən saxlanılan N.Razak dekabrın 12-də formal şəkildə həbs olunaraq məhkəməyə gətirilib. Özünü günahkar bilmədiyini bəyan edən N.Razak deyib ki, məhkəmə qarşısında müdafiə olunmağa hazırdır. Nəşrin məlumatına görə, yeni ittihamla əlaqədar girov məbləğin artırıldığını bildirən məhkəmə, sabiq baş nazirin azad edilmə müddətinin uzadıldığını da bəyan edib.

Dekabrın 11-də isə Kula Lumpurda 1MDB fondunun fəaliyyəti ilə bağlı audit hesabatlarını saxtalaşdırmağa görə, fondun sabiq sədri və icraçı direktoru Arul Kanda Kandasami həbs edilib. Bir qədər sonra məhkəmə girov müqabilində onu da azad edib. İstintaqın qənaətinə görə, Nəcib Razakın istəyinə uyğun olaraq icraçı direktor audit hesabatının bir neçə səhifəsini götürüb.

2018-ci il noyabrın sonlarında Malayziyanın baş auditi Mədinə Məhəmməd bəyan edib ki, 1MDB-nin audit hesabatının bir hissəsi 2016-cı ilin fevralında götürülüb. Hesabatın həmin hissəsində fondun vəsaitinin oğurlanmasında ittiham olunan malayziyalı milyarder Lou Tek Co haqda informasiyanın olduğu bildirilir. Baş auditin sözlərinə görə, hesabatda dəyişikliklər həmin vaxt baş nazir olan Nəcib Razakın şəxsi köməkçisinin göstərişi ilə aparılıb.

Həm Malayziya tərəfindən, həm də ABŞ və Sinqapur tərəfindən beynəlxalq axtarışa verilən Lou Tek Conun yayılan şayiələrə görə, hazırda ya Çində, ya da Əbu-Dabidə olduğu bildirilir.

Dekabrın əvvəllərində Malayziya məhkəməsi 1MDB fondunda oğurluq ittihamı ilə Co və daha üç nəfər haqqında qiyabi şəkildə cinayət işinə baxmağa başlayıb.

Həmin biznesmen Malayziyanın sabiq baş naziri, 1MDB fondunun təsisçisi və bu fondda korrupsiya ilə bağlı əsas təqsirli bilinən Nəcib Razakın ailəsinin yaxın dostu hesab olunur. İstintaqın qənaətinə görə, Co Lou 1MDB fondunda korrupsiya sistemlərinin əsas təşkilatçısı olub.(AZƏRTAC)

© AzNews.az