İran və Suriya da Maduronu dəstəklədi

"Venesuelada baş verənlər ABŞ-ın açıq müdaxiləsidir".

İran və Suriya hökumətləri Venesuelada baş verən etirazlar və vətəndaş müharibəsi təhlükəsilə əlaqədar bəyanat verərək, Latın Amerikası ölkəsində baş verənləri ABŞ-ın Venesuelanın legitim prezidenti Nikolas Maduronu devirmək cəhdilə əlaqələndiriblər.

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Venesuelada baş verənlərin ABŞ-ın bu ölkənin daxili işlərinə qarışmasının nəticəsi olduğu deyilir.

“Venesuelada baş verənlər ABŞ-ın açıq müdaxiləsidir. İran Venesuelanın daxili işlərinə istənilən müdaxilənin, o cümlədən, dövlət çevrilişinə cəhd kimi qanunsuz və qeyri-konstitusion addımların əleyhinədir və bu ölkənin hökumətini və xalqını dəstəkləyir. İran ümid edir ki, Venesueladakı daxili siyasi ziddiyyətlər və problemlər tezliklə sülh yolu ilə həll ediləcək”, – deyə İran XİN-in sözçüsü Bəhram Qasemi vurğulayıb.

Suriya da, öz növbəsində, Venesuelada baş verənlərə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub. Suriya XİN-in yaydığı bəyanatda deyilir ki, Vaşinqtonun bu davranışı beynəlxalq hüququn kobudcasına pozulması və Venesuelanın suverenliyinə qarşı açıq təcavüzdür.

“ABŞ-ın dağıdıcı siyasəti və beynəlxalq hüquqa məhəl qoymaması dünyadakı gərginliyin başlıca səbəbidir. Suriya Venesuela xalqı və bu ölkənin qanuni rəhbərliyi ilə həmrəydir və əmidir ki, Venesuela Amerika təxribatını dəf edə biləcək”, – deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, bundan əvvəl Türkiyə, Rusiya, Meksika, Kuba və Boliviya da Maduronu dəstəklədiklərini bəyan ediblər.(virtualaz.org)

© AzNews.az