"Tərəfdaşlarımız ilə əməkdaşlığımızın ana xəttini gənclər təşkil edir". "Tərəfdaşlarımız ilə əməkdaşlığımızın ana xəttini gənclər təşkil edir".

Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi qeyd olunur

"Tərəfdaşlarımız ilə əməkdaşlığımızın ana xəttini gənclər təşkil edir".

Avropa İttifaqına üzv ölkələri və "Şərq Tərəfdaşlığı" proqramının 6 üzv dövlətini (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) təmsil edən 100 "Gənc Avropa Səfiri" son on ildə Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsünün nailiyyətlərini qeyd etmək üçün bu həftə Brüsselə toplaşır.

Bu barədə Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit məlumat verib.

"Tərəfdaşlarımız ilə əməkdaşlığımızın ana xəttini gənclər təşkil edir. “Gənc Avropa Səfiri” regionda gənclərin həyatına birbaşa təsir göstərən ideyaları dinləmək və müzakirə etmək üçün bir platforma rolunu oynayan əvəzolunmaz təşəbbüsdür", - deyə o bildirib.

On yaşını qeyd edən Şərq Tərəfdaşlığı təşəbbüsü nəticəsində 30 mindən çox gənc "Erasmus+" könüllülük proqramlarında, mübadilə və gənclərin yerdəyişməsi üzrə layihələrdə iştirak edib və 2018-ci ildən etibarən 6 mindən çox gənc "EU4Youth" tərəfindən təmin edilən imkanlardan faydalanıb. ŞT regionundan olan parlaq zəkaya malik gənclər Aİ-nin sərhədlərindən kənarda fəaliyyət göstərən ilk Avropa Məktəbində təhsil almaq imkanı qazanıblar. Şərq Tərəfdaşlığı Avropa Məktəbi 2018-ci ilin sentyabr ayında Tbilisidə rəsmi olaraq fəaliyyətə başlayıb.

Bu gün Brüsselin Avropa məhəlləsinin mərkəzində toplaşan gənclər burada böyük flaşmobda iştirak edərək ölkələrinin milli rəqslərini və geyimlərini nümayiş etdiriblər.

Hazırda Aİ və onun şərq qonşularından, təxminən, 500 gənc "Gənc Avropa Səfiri" (YEA-s) kimi fəaliyyət göstərir. Bu səfirlər tez-tez öz ölkələrinin yerli icmalarında tədbirlər təşkil edir və təşəbbüs haqqında məlumat vermək üçün beynəlxalq forumlara qatılırlar.

Adıçəkilən tədbir Aİ təşkilatları ilə əməkdaşlıq çərçivəsində Aİ-nin Şərq Qonşuları layihəsi tərəfindən təşkil edilir.

Xatırladaq ki, Aİ tərəfindən 2009-cu ilin may ayında Praqadakı ilk sammit zamanı irəli sürülən və o vaxtdan həyata keçirilən "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığın inkişafını hədəfləyir. (report)

AzNews.az