Nursultan Nazarbayev istefa verdi - Vəzifəsi spikerə tapşırıldı

"Prezident kimi fəaliyyətimi dayandırıram".

Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

"Belə qərara gəldim ki, prezident kimi fəaliyyətimi dayandırım. Bu il bizim ölkəyə başçılıq etməyimin 30 ili tamam olur. Böyük şərəfdir ki, mən müstəqil Qazaxıstanın ilk prezidenti olmağa layiq görülmüşəm”. Nazarbayev bu sözləri Qazaxıstan televiziyasının efirində xalqa müraciəti zamanı deyib.

Nazarbayev çıxışında Qazaxıstan Təhlükəsizlik Şurasının, “Nur Otan” partiyasının sədri və Konstitusiya Şurasının üzvü vəzifələrində qaldığını bildirib.

Prezident seçkilərinədək onun vəzifəsi ölkə parlamentinin (Senat) spikeri Kasım-Jomar Tokayevə həvalə edilib.

Qeyd edək ki, Nursultan Əbiş oğlu Nazarbayev 6 iyul 1940-cı ildə Qazaxıstanda doğulub.

1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib.

1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb.

1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur.

1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib.

1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib.

1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilib. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.

Evlidir, üç qızı var.

Babək Göyüş

AzNews.az