Poroşenkonu tənqid edən ukraynalı deputat azadlığa çıxdı

Bu gün Ukrayna qəhrəmanı olursan, növbəti gün isə xalqın düşməninə çevrilirsən

Dünən gecə Kiyev vilayətinin Brovar rayon məhkəməsinin qərarı ilə Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko və “Zabit korpusu” əsirlərin azad olunması Mərkəzinin sabiq sədri Vladimir Ruban azadlığa buraxılıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, qərar zalda iştirak edənlərin alqış sədaları ilə qarşılanıb.

Savçenko jurnalistlərə müsahibəsində zaldan azad insan kimi çıxdığını deyib:

“Mən iradəmi geri qaytardım və bundan sonra Ukrayna üçün mübarizə aparacağam".

16 aprel gecəsi Savçenkonun və Rubanın həbsdə saxlanılmasının müddəti sona çatırdı. Məhkəmə isə onların həbsinin uzadılmasının əvəzinə azadlığa çıxmalarına qərar verib.

Savçenko Ali Radada, Kiyevin hökumət kvartallarında terakt və Poroşenkoya qarşı sui-qəsd hazırlamaqda ittiham edilib.

Qeyd edək ki, Savçenko 2018-ci ilin martında Ali Radanın iclasında həbs edilib.

Həbsdə olan zaman onun prezidentliyə namizədliyi irəli sürülüb. O, dəfələrlə Poroşenkonun siyasətini tənqid edib.

"Ukraynalıların necə olduğunu belə təsəvvürünüzə gətirin. Tez heyran olurlar və elə tezliklə də məyus olurlar. Bu gün Ukrayna qəhrəmanı olursan, növbəti gün isə xalqın düşməninə çevrilirsən. Hakimiyyət necə deyir, elə də olur”. Savçenko strana.ua saytına müsahibəsində belə deyib.

Xatırladaq ki, Ukraynanın milli qəhrəmanı, pilot Nadejda Savçenko 709 gün Rusiyada əsirlikdə olub. 2016-cı ilin mayında o, azadlığa buraxılaraq prezident Petr Poroşenkonun təyyarəsi ilə Moskvadan Kiyevə gətirilib. Poroşenko həmin vaxt "Facebook" səhifəsində belə yazmışdı:

"Bizim Nadya Ukrayna torpağındadır. Onu vətənə qayıtması münasibətilə təbrik edirəm! Bu günkü qələbədə mənə yardım edən bütün dünyaya təşəkkürümü bildirirəm”.

Babək Göyüş

AzNews.az

image description image description