"Yaponiya Yaxın Şərqdə yaranan gərginlikdən çox narahatdır" "Yaponiya Yaxın Şərqdə yaranan gərginlikdən çox narahatdır"

Yaponiya və İranın xarici işlər nazirləri Tokioda görüşdülər

"Yaponiya Yaxın Şərqdə yaranan gərginlikdən çox narahatdır"

Yaponiyanın xarici işlər naziri Taro Kono iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə Yaxın Şərqdə artan gərginliyi müzakirə edib.

Yaponiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, mayın 15-də axşam Tokioya gələn M.C.Zərif ertəsi gün səhər T.Kono ilə görüşüb.

Görüşdə T.Kono deyib ki, Yaponiya Yaxın Şərqdə yaranan gərginlikdən çox narahatdır və bunun aradan qaldırılması ilə əlaqədar mürəkkəb məsələlərin həllinə yardım etməyə çalışır.

Yapon nazir qeyd edib ki, İran Yaxın Şərqdə sülhün qorunması üçün nüvə razılaşmasına əməl etməlidir. T.Kono gərginliyin daha da kəskinləşməsinin qarşısını almaq üçün İran tərəfindən səbir göstərməyi xahiş edib.

M.C.Zərif, öz növbəsində, deyib ki, ABŞ tərəfindən gərginliyin artırılması yolverilməzdir. İranlı nazir ölkəsinin ABŞ-ın hərəkətlərinə cavab olaraq atdığı addımları nüvə razılaşması çərçivəsində öz hüquqlarının həyata keçirilməsi adlandırıb.

Eyni zamanda, M.C.Zərif gərginliyin azaldılması üçün Yaponiya tərəfi ilə birlikdə işləməyə hazır olduqlarını bildirib.

Hər iki ölkənin xarici işlər nazirləri ölkələri arasında tarixboyu davam edən dostluq münasibətlərini nəzərə alaraq, problemlərin həlli istiqamətində birlikdə çalışmaq barədə razılığa gəliblər.(AZƏRTAC)

AzNews.az