“Google” Çinin “Huawei” kompaniyası ilə biznesi dayandırır

Ötən il Çin kompaniyası dünya bazarına 200 milyon smartfon çıxarıb

Amerikanın “Google” kompaniyası Çinin “Huawei” şirkətinə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib.

“Financial Times” qəzeti xəbər verir ki, ötən həftə ABŞ “Huawei” kompaniyasını Birləşmiş Ştatlardan çatdırılmaların xüsusi lisenziya əsasında həyata keçiriləcəyi kompaniyaların siyahısına salıb. Amerika hakimiyyəti bu kompaniyanın Çinin dövlət təhlükəsizlik xidmətlərinə məlumat ötürdüyünü güman edir.

Dünyanın ikinci ən iri smartfon istehsalçısı olan “Huawei” öz məhsullarında “Google” kompaniyasının “Android” sistemindən istifadə edir. Ötən il Çin kompaniyası dünya bazarına 200 milyon smartfon çıxarıb. “Huawei” bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

“Huawei” öz qurğularında, həmçinin Amerikanın “Qualcomm”, “Intel” və “Broadcom” kompaniyalarının istehsal etdiyi yarımkeçiricilərdən geniş istifadə edir. Çin şirkətinin ABŞ-dan aldığı ehtiyat hissələrinin həcmi 11 milyard dollara çatır.

Ekspertlərin fikrincə, “Huawei” kompaniyasının əsas komponentlərdən məhrum edilməsi həm Amerikanın yarımkeçirici istehsalçılarına, həm də qlobal sahəyə mənfi təsir göstərəcək. KİV-lər Çin şirkətinin xeyli ehtiyat hissəsi yığdığını və alternativ yarımkeçirici istehsalçıları axtardığını, eləcə də smartfonlar üçün öz əməliyyat sistemini hazırlamaq üzrə işlərə başladığını yazırlar.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, qazancı isə 8 milyard dolları keçib.(AZƏRTAC)

AzNews.az