"ABŞ bərabərhüquqlu məsləhətləşmələrə hazır olsa, bizim qapımız açıqdır" "ABŞ bərabərhüquqlu məsləhətləşmələrə hazır olsa, bizim qapımız açıqdır"

Çin Trampın təhdidinə cavab verdi

"ABŞ bərabərhüquqlu məsləhətləşmələrə hazır olsa, bizim qapımız açıqdır"

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gön Şuan ölkəsinin ticarət müharibəsi istəməsə də, bundan qorxmadığını bildirib.

Gön Şuan bu barədə Donald Trampın ÇXR lideri Si Cinpinin “iyirmilik” ölkələri dövlət başçılarının sammitinə gəlməyəcəyi təqdirdə Çindən gətirilən məhsullara yeni rüsumlar tətbiq ediləcəyi barədə təhdidlərini şərh edərkən deyib.

“ABŞ bərabərhüquqlu məsləhətləşmələrə hazır olsa, bizim qapımız açıqdır. Əgər Birləşmiş Ştatlar ticarət gərginliyinin artmasını istəyirsə, biz qətiyyətli cavab verəcəyik və sonadək mübarizə aparacağıq”, - deyə o bildirib.

Gön Şuan Çin liderinin iyunun sonlarında Yaponiyada keçiriləcək G20 sammitində Trampla görüşmək niyyətindən hələlik bixəbər olduğunu da vurğulayıb.

Xatırladaq ki, ticarət üzrə mayın ortalarında keçirilən ABŞ-Çin danışıqlarının sonuncu raundu Amerikanın Çin məhsullarına rüsumları növbəti dəfə artırmaq barədə qərarı fonunda nəticəsiz yekunlaşıb. ABŞ Çindən idxal olunacaq 200 milyard dollarlıq məhsullara rüsumları 10 faizdən 25 faizə qədər artırıb. Donald Tramp, həmçinin Çindən gətirilən digər məhsulların rüsumlarının artırılması prosesinə başlamaq barədə də göstəriş verib.

Çin Maliyyə Nazirliyi isə buna cavab olaraq Pekinin iyunun 1-dən ABŞ-dan idxal olunacaq 60 milyard dollarlıq məhsullara artırılmış rüsumlar tətbiq edib.(AZƏRTAC)

AzNews.az