A.Vuçiçə ADU-nun fəxri doktoru adı verilib A.Vuçiçə ADU-nun fəxri doktoru adı verilib

Serbiya prezidenti Azərbaycan alimləri ilə görüşdü

A.Vuçiçə ADU-nun fəxri doktoru adı verilib

İyunun 18-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin başçılıq etdiyi Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkənin ali məktəbləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub.

Serbiya dövlətinin başçısı ötən ilin mayında açılışında iştirak etdiyi ADU nəzdində Serb Dili və Mədəniyyəti Mərkəzinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib. O, serb alimlərinin 20-dən çox əsərinin Azərbaycan dilinə tərcüməsinə və nəşrinə görə Azərbaycanın elmi mərkəzlərinə və nəşriyyatlarına təşəkkür edərək deyib: "Xalqlarımızı məhz belə səylər və əməkdaşlığın real nəticələri birləşdirir”.

Xatırladaq ki, həmin vaxt A.Vuçiçə ADU-nun fəxri doktoru adı verilib.

Akademik Kamal Abdullayev bildirib ki, hazırda 30-dan çox azərbaycanlı tələbə mərkəzdə serb dilini öyrənir və serb mədəniyyəti sahəsində elmi araşdırmalar aparır. O, həmçinin Belqrad Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətindən razı qaldığını bildirib. Alim Serbiya dövlətinin başçısını beşillik fəaliyyət planının işlənib hazırlanması üçün hər tərəfdən 5 ekspertin iştirakı ilə komissiyanın yaradılması barədə iki mərkəz arasında əldə olunmuş razılaşma, habelə iki universitet arasında aspirant və doktorant mübadiləsi proqramının işə salınması barədə məlumatlandırıb.

Prezident A.Vuçiç söhbət əsnasında regionun xəritəsində Azərbaycanın son dərəcə əlverişli geosiyasi mövqedə yerləşdiyini qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və onun beynəlxalq hüquq normaları çərçivəsində tezliklə bərpa olunmasını arzu edib. O, azərbaycanlı həmkarı, Prezident İlham Əliyev haqqında xoş sözlər söyləyərək, onun dünya arenasında öz xalqının maraqlarını güdən siyasi lider kimi çox xarizmatik şəxsiyyət olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov Azərbaycan nümayəndə heyətinin tərkibində görüşdə iştirak ediblər.