"Biz bu tarixi missiyanı birlikdə yerinə yetirə bilərik" "Biz bu tarixi missiyanı birlikdə yerinə yetirə bilərik"

Lukaşenko BMT üzvü olan dövlətlərə müraciət etdi

"Biz bu tarixi missiyanı birlikdə yerinə yetirə bilərik"

Prezident Lukaşenko Belarusun nasist işğalçılardan azad edilməsinin 75 illiyi ilə əlaqədar BMT üzvü olan dövlətlərə müraciət edib.

BELTA agentliyi xəbər verir ki, Belarusun nasist işğalçılardan azad edilməsinin 75 illiyi ilə əlaqədar iyunun 24-də BMT-nin Nyu-Yorkdakı qərargahında anım tədbiri keçirilib. BMT üzvü olan dövlətlərin daimi nümayəndəliklərinin, BMT katibliyinin rəhbərlərinin və əməkdaşlarının, Belarus diasporunun və KİV-lərin nümayəndələrinin iştirak etdikləri tədbirdə Belarusun BMT-dəki daimi nümayəndəsinin təşəbbüsü ilə Belarus Prezidenti Lukaşenkonun müraciəti yayılıb.

Müraciətdə deyilir: “Bəşər tarixində ən qəddar müharibələrdən biri olan İkinci Dünya müharibəsi bizim üçün Böyük Vətən müharibəsi olub. Bu müharibənin təsiri hər bir evdə, hər bir ailədə hiss olunub. İşğal illərində Belarus öz əhalisinin üçdə bir hissəsini itirib. Faşistlər Belarus ərazisində 260-dan çox ölüm düşərgəsi və digər kütləvi qırğın yerləri yaradıb, on minə yaxın kəndi yandırıb, şəhərləri dağıdıb, lakin Belarus xalqının iradəsini qıra bilməyiblər. Belarus tabe olmayıb. Avropada ən böyük partizan hərəkatı və könüllülər hərəkatı Belarusda başlandı. Xalqımızın, habelə Sovet İttifaqının və antihitler koalisiyasına daxil olan ölkələrin bütün sakinlərinin fədakarcasına mübarizəsi sayəsində düşmən məğlub edildi”.

Belarus dövlətinin başçısı qeyd edib ki, 3 iyul – Minskin faşist işğalından azad edilməsi günü Belarusda milli bayram – Müstəqillik günü kimi qeyd edilir. Belarus xalqının igidliyi və qəhrəmanlığı, faşizm üzərində Qələbəyə bu xalqın böyük töhfəsi bütün dünyada etiraf edilib. Belarus Birləşmiş Millətlər Təşkilatının təsis edən dövlətlərdən biri olub.

Belarus lideri vurğulayır: “Təəssüf ki, bu gün, nasizmə qarşı mübarizədə keçmiş müttəfiqlər arasında tez-tez anlaşılmazlıq və ya qarşıdurma yarandığı bir vaxtda yeni dünya müharibəsinin qarşısının alınması problemi getdikcə kəskinləşir və aktuallaşır. Əminəm ki, sülhün möhkəmlədilməsi və mövcud ziddiyyətlərin aradan qaldırılması üçün yeni, genişmiqyaslı dövlətlərarası dialoq aparılması zəruridir. Belarus beynəlxalq təhlükəsizlik və inkişaf sahəsində hər hansı qurucu təşəbbüslərin müzakirə edilməsi üçün münasib məkana çevrilməyə hazırdır. Biz gələcəyimiz naminə keçmişin dəhşətli dərslərini yadda saxlamalı, xilaskar qəhrəmanların böyük igidliyinin həqiqi tarixini qoruyub saxlamalı və gələcək nəsillərə çatdırmalıyıq. Biz öz övladlarımıza həyatı qiymətləndirməyi, başqa xalqlara hörmət etməyi və sülhü qorumağı öyrətməliyik”.

Belarus dövlətinin başçısı müraciətin sonunda deyir: “İnsanlar ta qədim dövrlərdən bir-birini salamlayaraq “sizə əmin-amanlıq arzu edirəm” deyirlər. Birləşmiş Millətlər Təşkilatı məhz əmin-amanlığın, sülhün qorunması və möhkəmlədilməsi üçün yaradılıb. Biz bu tarixi missiyanı birlikdə yerinə yetirə bilərik”.

Belarus Prezidentinin müraciəti BMT-nin bütün rəsmi dillərinə tərcümə edilərək BMT Baş Assambleyasının 73-cü sessiyasının rəsmi sənədi kimi yayılacaq.(AZƏRTAC)

AzNews.az