"Biz həmin şəxslərdən və onların ailə üzvlərindən üzr istəyirik" "Biz həmin şəxslərdən və onların ailə üzvlərindən üzr istəyirik"

Şinzo Abe cüzam xəstələrinin ailə üzvlərindən üzr istədi

"Biz həmin şəxslərdən və onların ailə üzvlərindən üzr istəyirik"

Yaponiyanın Baş Naziri Şinzo Abe iyulun 12-də cüzam xəstələrinin ailə üzvlərindən əvvəlki hökumət tərəfindən onlara vurulan mənəvi zərərə və diskriminasiyaya görə üzr istəyib.

Baş Nazirin müraciətində deyilir: “Hökumət cüzam xəstəliyinə əvvəllər və hazırda düçar olanların kədərinə dərin hüznlə şərik olduğunu bildirir. Biz həmin şəxslərdən və onların ailə üzvlərindən üzr istəyirik. Mən həmin şəxslərlə şəxsən görüşərək onlara öz üzrxahlığımı çatdırmaq istəyirəm”.

Cüzam xəstəliyinə tutulanların problemləri ilə məşğul olan ictimai təşkilatlar və vəkillər Baş Nazirin bu təşəbbüsünü yüksək qiymətləndiriblər. Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa da öz növbəsində bildirib ki, hazırda həmin ailələrlə görüşün tarixi dəqiqləşdirilir.

Yaponiya hökuməti bu həftənin əvvəllərində Kumamoto prefekturası məhkəməsinin ötən ayın sonlarında cüzam xəstələrinin ailə üzvlərinə 370 milyon yen (3,4 milyon dollar) kompensasiya ödənilməsi barədə qərarının ziddinə getməyəcəyini bildirib.

Burada söhbət 1953-cü ildə qəbul edilən cüzam xəstələrinin təcrid edilərək onların iradəsinin ziddinə xüsusi müəssisələrdə yerləşdirilməsi barədə qanundan gedir. Həmin xəstələr bu müəssisələrdə qohumlarından ayrı saxlanırdılar. Bundan əlavə, təcrid nəticəsində həmin xəstələr təhsil almaq və işləmək hüququndan məhrum ediliblər.

Tibbin inkişafı nəticəsində cüzam xəstəliyinin müalicəsi üsulları təkmilləşdirilib və həmin qanun 1966-cı ildə ləğv edilib. Bundan sonra keçmiş xəstələr hökumətdən onlara kompensasiya ödənilməsini tələb ediblər və ilk belə müsbət qərar 2001-ci ildə qəbul edilib. Buna baxmayaraq, həmin qərar xəstələrin qohumlarına şamil edilməyib.(AZƏRTAC)

AzNews.az