Ukraynada sükut günündə kütləvi qanun pozuntusu qeydə alındı

İyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı elan edilən sükut günündə kütləvi qanun pozuntusu qeydə alınıb.

Bu barədə Ukrayna Seçki Müşahidəçi Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin 10 vilayətində qanunsuz təbliğat halları, sosial şəbəkələrdə siyasi reklamların yerləşdirilməsinə dair kütləvi pozuntular qeydə alınıb. Bundan başqa, namizədlərin təbliğat bilbordları yayılıb, bəzilərinin təbliğatı ilə bağlı SMS xəbərlər göndərilib.

Qeyd edək ki, Ukraynanın seçki qanunvericiliyinə görə, sükut günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar, sorğuların nəticələrinin dərci qadağan olunur.

Xatırladaq ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.(AZƏRTAC)

AzNews.az