Əfqanıstanda “Taliban”ın 18 üzvü öldürüldü

Bu məlumatı Əfqanıstan ordusundakı mənbə verib

Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb.

Khaama Press saytı xəbər verir ki, bu məlumatı Əfqanıstan ordusundakı mənbə verib. Qeyd olunub ki, silahlı qruplaşmanın 10 döyüşçüsü Əfqanıstan ordusunun xarici ölkələrin qoşun kontingenti ilə Qəzni və Paktiya əyalətlərində keçirdiyi hərbi əməliyyatlar zamanı zərərsizləşdirilib. Belə ki, koalisiya qüvvələri Paktiya əyalətinin Saaka rayonunda “Taliban” döyüşçülərinin yerləşdiyi əraziyə hava zərbələri endiriblər. Bu ərazidə iki nəfər, Qəzni əyalətinin Curi rayonunda isə yeddi döyüşçü məhv edilib. Bundan başqa, Qəzni əyalətinin Xvadca Omari rayonunda əfqan hərbçiləri “Taliban” silahlı qruplaşmasının bir üzvünü öldürüblər. Hərbi əməliyyatlar nəticəsində dörd əldəqayırma partlayıcı qurğu da zərərsizləşdirilib.

Hərbi mənbələrdən bildiriblər ki, Uruzqan əyalətinin Xas rayonunda və Paktiyanın Hardez ərazisində hava zərbələri zamanı yeddi nəfər “Taliban” döyüşçüsü məhv edilib. Hərbçilər minalanmış avtomobili də zərərsizləşdiriblər. Kapisa əyalətinin Taqab rayonunda bir silahlı öldürülüb, çoxlu sayda “Taliban” üzvü əsir götürülüb. Hərbi əməliyyatlar paytaxt Kabildə, Gilmənd, Qunduz, Balx əyalətlərində də aparılıb. Bu əyalətlərdə silah anbarları məhv edilib.(AZƏRTAC)

AzNews.az