Hindistan Ayın səthinə kosmik aparat göndərən dördüncü ölkə olub Hindistan Ayın səthinə kosmik aparat göndərən dördüncü ölkə olub

Hindistan Aya kosmik missiya göndərdi

Hindistan Ayın səthinə kosmik aparat göndərən dördüncü ölkə olub

İyulun 22-də super kosmik güc olmağa çalışan Hindistan Aya kosmik missiya göndərib.

CNN telekanalının saytı xəbər verir ki, Andhra Pradeş ştatındakı “Satiş Dhavan” kosmik mərkəzindən “Çandrayaan-2” kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib. Onun startı iyulun 15-nə nəzərdə tutulsa da, həmin gün buraxılış texniki səbəblərdən təxirə salınmışdı. Beləliklə, Hindistan ABŞ, Çin və Sovet İttifaqından sonra Ayın səthinə kosmik aparat göndərən dördüncü ölkə olub.

“Çandrayaan-2” kosmik gəmisinin çəkisi 3,8 tondur və üç elementdən – Ay orbitçisi, Yerin təbii peykinin səthinə enmək üçün aparat və yürüşçüdən ibarətdir. Onların hamısı Hindistan Kosmik Tədqiqatlar Mərkəzində (ISRO) hazırlanıb. Kosmik gəmi Ayın səthindən yuxarıda 100 kilometrlik məsafədə yerləşəcək və onun missiyası iki ay davam edəcək. Ayın səthinə yollanacaq “Vikram” adlanan aparat gəminin əsas hissəsindən ayrılacaq və Yerin təbii peykinin cənub qütbünə enəcək. “Praqyan” (müdrik) adlanan robot yürüşçü isə hərəkətə başlayacaq və 14 gün müddətində burada mineral və kimyəvi nümunələri götürəcək. Bu nümunələr elmi tədqiqatlar üçün Yerə göndəriləcək. Gələn il isə Ayın orbitində qalacaq kosmik gəmi Yerin təbii peykinin yeni xəritəsini çəkəcək və onun atmosferini tədqiq edəcək.

ISRO-nun sədri Kailasavadivoo Sivan bildirib ki, kosmik gəminin ilk uğursuz buraxılış günü onun əməkdaşları üçün ən ağır vaxt olub.(AZƏRTAC)

AzNews.az