BƏƏ: "İranla gərginlik heç kimin maraqlarına xidmət etmir"

"Bu mövzular regional ölkələrin müzakirələrdə iştirak etməli olduğunu göstərir"

"İran regional gərginliyi azaldacaq, iqtisadiyyatını canlandıracaq yeni razılaşma əldə etmək üçün dünya dövlətləri və Fars körfəzi ölkələri ilə danışıqlara getməlidir".

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Qarqaş Əbu Dabidə illik strateji müzakirələrdə çıxış edərkən deyib.

O bildirib ki, bu mərhələdə İranla gərginlik heç kimin maraqlarına xidmət etmir:

"Biz kollektiv diplomatiyanın uğur qazanacağına çox inanırıq", - deyə nazir bildirib.

Qarqaş müharibə və "nöqsanlı" atom sazişi arasında "səhv seçim etmək" barədə də xəbərdarlıq edib.

O bildirib ki, İranla aparılacaq yeni danışıqlarda yalnız nüvə problemi ilə bağlı yox, eyni zamanda ballistik raket proqramı və regional müdaxilələr haqda da narahatlıqlar müzakirə olunmalıdır.

"Bu mövzular regional ölkələrin müzakirələrdə iştirak etməli olduğunu göstərir",- nazir qeyd edib.

BƏƏ İranın regionda sabitliyi pozduğunu deyib və ABŞ prezidenti Donald Trampın Tehrana qarşı maksimum təzyiq kampaniyasına dəstək verib.

"İnanıram ki, İranla bütün tərəflərin tezliklə başlamağa hazır olacağı razılaşma əldə edə bilərik. Bu, uzun vaxt, səbr və cəsarət tələb edəcək".

O əlavə edib ki, bu mövzuda beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ və Avropa İttifaqı ölkələrinin, eləcə də regional dövlətlərin eyni fikirdə olmağı vacibdir.

Vaşinqton isə düşünür ki, neftinə tətbiq edilən sanksiyalar İranı razılaşma əldə etmək üçün danışıqlar masası arxasında əyləşməyə məcbur edəcək.

Ancaq ali lider Ayətullah Əli Xamenei ABŞ nüvə razılaşmasına qayıtmayıb bütün sanksiyaları ləğv etməyincə İran rəsmilərinə danışıqların aparılmasını qadağan edib.

Pərvanə

AzNews.az