Lixtenşteyn Çexiyadan torpaq tələb edir

Ölkələr arasında diplomatik münasibətlər 2009-cu ildə qurulub

Lixtenşteyn hökuməti İkinci Dünya Müharibəsinin sonunda Çexiyanın müsadirə etdiyi torpaqları geri qaytarması tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.

AzNews.az xarici KİV-ə istinadən məlumat verir ki, Lixtenşteyn Çexiyanın 2 min kvadratmetr ərazisinə iddialıdır ki, bu göstərici də krallığın hazırkı sahəsindən 10 dəfə çoxdur. Bu torpaqlara YUNESKO-nun Mədəni İrs siyahısına düşmüş neoqotik Lednitse qəsri və barokko üslubunda tikilmiş Valtitse iqamətgahı daxildir. Bu ərazilər Lixtenşteyn knyazlarının Almaniyanın nasist rejimi tərəfdarları elan edildiyi Çexoslovakiya fərmanları əsasında müsadirə edilmişdi. Bu məsələ ilə bağlı tərəflər arasında 70 ildən çoxdur ki, mübahisə gedir. Ölkələr arasında diplomatik münasibətlər yalnız 2009-cu ildə qurulub.

Lixtenşteynin Xarici İşlər naziri Katrin Eggenberger torpaqların zəbt edilməsinin ktrallıq üçün həll edilməz problem olaraq qaldığını və məsələnin ölkənin suverenliyinə bir başa aidiyyatı olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkə nə qədər kiçik olarsa, öz hüquqlarını müdafiə etməsi bir o qədər labüdləşər, torpaqların heç bir kompensasiya olmadan müsadirə edilməsi isə yolverilməzdir.

Çexiyanın Xarici İşlər naziri Martin Smolek isə öz növbəsində Avropa İnsan Hüquqları Məhkəməsinin bu şikayəti qəbul edə bilməyəcəyini bildirib. O, hadisənin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının qəbul olunduğundan əvvəl baş verdiyini və AİHM-nin əvvəllər belə məsələlərlə məşğul olmadığını vurğulayıb.

Tarixdə Çexoslovakiyanın bölünməsi artıq baş verib. 1938-ci il Münhen razılaşmasına görə ölkənin bəzi hissələri Almaniya, Macarıstan və Polşaya verilmişdi. Bu hadisə İkinci Dünya Müharibəsinin başlayacağı ehtimalının göstəricilərindən biri idi. Müqaviləni Almaniya, Böyük Britaniya, Fransa və İtaliya imzalamışdı. Təşəbbüs isə Sudet vilayətini ələ keçirən Berlindən gəlmişdi.