Səfər 5-6 həftəni əhatə edəcək Səfər 5-6 həftəni əhatə edəcək

ÜST-ün ekspertləri Çinə səfər edib

Səfər 5-6 həftəni əhatə edəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 infeksiyasının mənşəyinin tapılması istiqamətində araşdırmalar aparmaq üçün Çinə gəlib.

ÜST heyəti Sinqapurdan təyyarə ilə birbaşa Uxan şəhərinə gəliblər. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ÜST ekspertləri araşdırmalara başlamazdan əvvəl Çində epidemiya əleyhinə proseduradan keçməlidirlər. Bura hava limanında və sonrakı günlərdə bir neçə dəfə burun-boğaz yaxma testinin, qan analizlərinin verilməsi, ən əsası isə xüsusi karantin yerlərində 14 günlük məcburi özünütəcrid dövrünü keçməkdir. On nəfərdən ibarət heyətin Çinə səfəri 5-6 həftəni əhatə edəcək və epidemiyanın ilk olaraq başladığı Hubey vilayətinin paytaxtı Uxan şəhəri diqqət mərkəzində olacaq. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər.

Qeyd edək ki, ÜST ekspertlərinin Çinə səfərləri ilə bağlı müəyyən gərginlik yaşanmışdı. Belə ki, ÜST virusun mənşəyinin axtarışı üçün Çinə missiya göndərəcəyini açıqlamışdı. Amma sonradan Pekinin ÜST heyətinin Çinə səfərinə razılıq vermədiyi barədə mətbuatda xəbərlər yayılmışdı. Yanvarın 11-də ÜST Çin tərəfinin səfərə icazə verdiyini açıqlayıb. ÜST-ün Baş direktoru Tedros Qebreyesus bir neçə gün əvvəlki onlayn mətbuat konfransında təşkilatın ekspertlərinin çinli həmkarları ilə birgə xəstəliyin zoonoz (heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçən yoluxucu xəstəlik) mənbəyinin aşkar edilməsi ilə bağlı elmi planlar hazırlayacaqlarını bəyan edib.

Bu, ÜST ekspertlərinin COVID-19 virusu ilə əlaqədar ilk səfəri deyil. Bu cür iki səfər ötən ilin yanvarında və iyulunda baş tutub. Bu virusun ilk olaraq Çinin Uxan şəhərindəki dəniz məhsulları bazarından yayıldığı bilinsə də, sonradan çinli mütəxəssislər virusun xaricdən Çinə gəlmiş ola biləcəyini açıqlayıblar. (azərtac)

AzNews.az