Nüvə silahlarına rekord vəsait: Dünya yeni silahlanma yarışına sürüklənir

Dünyada geosiyasi gərginliyin artdığı bir dövrdə nüvə silahına malik ölkələrin hərbi arsenalına ayırdığı vəsait rekord həddə çatıb.

Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatına görə, dünyadakı doqquz nüvə dövləti ötən il nüvə silahları üçün ümumilikdə 119 milyard dollar xərcləyib. Bu göstərici indiyədək qeydə alınmış ən yüksək rəqəm hesab olunur.

Əvvəlki illə müqayisədə nüvə arsenalına ayrılan vəsait 16,8 milyard dollar artıb ki, bu da qlobal miqyasda yeni silahlanma yarışının sürətləndiyi ilə bağlı narahatlıqları gücləndirir.

ABŞ bütün ölkələri geridə qoyub

Hesabatda qeyd olunur ki, nüvə silahlarına ayrılan vəsaitin ən böyük hissəsi ABŞ-ın payına düşür.

ABŞ ötən il nüvə arsenalının modernləşdirilməsi və genişləndirilməsi üçün 69,2 milyard dollar xərcləyib. Vaşinqtonun xərcləri əvvəlki illə müqayisədə 12,6 milyard dollar artıb və bu məbləğ digər səkkiz nüvə dövlətinin ümumi xərclərini belə üstələyir.

Çin ikinci yerdədir

Nüvə silahlarına ən çox vəsait ayıran ölkələr arasında:

* ABŞ – 69,2 milyard dollar
* Çin – 13,5 milyard dollar
* Böyük Britaniya – 12,6 milyard dollar
* Rusiya – 9,5 milyard dollar
* Fransa – 7,7 milyard dollar

Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın xərcləri isə 656 milyon dollardan 2,8 milyard dollara qədər dəyişir.

Son 5 ildə 471 milyard dollar

ICAN bildirir ki, nüvə dövlətləri son beş ildə nüvə texnologiyalarına ümumilikdə 471 milyard dollar sərmayə yatırıb və bu silahları onilliklər boyu arsenalında saxlamağı planlaşdırır.

Təşkilat hökumətlərin iqlim dəyişikliyi, yoxsulluq və digər qlobal problemlərlə mübarizəyə ayrılan vəsaiti azaltdığı halda, nüvə silahlarına milyardlarla dollar yönəltməsini sərt tənqid edib.

12 mindən çox nüvə başlığı

Digər tərəfdən, Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu da nüvə dövlətlərinin silahsızlanma öhdəliklərindən uzaqlaşaraq arsenallarını yeniləməyə üstünlük verdiyi barədə xəbərdarlıq edib.

Mütəxəssislərin hesablamalarına görə, hazırda dünyada doqquz nüvə dövlətinin əlində 12 mindən çox nüvə başlığı mövcuddur. Bu ehtiyatların böyük hissəsi ABŞ və Rusiyanın nəzarətindədir.

Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri də ABŞ və Rusiya arasında strateji nüvə arsenalını məhdudlaşdıran son hüquqi saziş olan Yeni START Müqaviləsi müddətinin başa çatmasıdır. Yeni razılaşmanın əldə olunmaması ekspertlərin fikrincə dünyanı Soyuq müharibədən bəri ən riskli nüvə dövrlərindən birinə yaxınlaşdırır.

Mövsüm,

AzNews.az