ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

ABŞ Silahlı Qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə və radar qurğularına zərbələr endirib.

Aznews.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Cennifer Qriffin "X" sosial şəbəkəsində məlumat verib.

Öz növbəsində, "Azad İran" "Telegram" kanalı "Tasnim" agentliyinə istinadən İranın Keşm və Sirik adalarında, eləcə də Minab şəhərində altı partlayışın baş verdiyini bildirir. Qeyd olunur ki, Sirik, Keşm adası və Minabın bəzi rayonları ABŞ qırıcıları tərəfindən hücuma məruz qalıb.

İran dövlət televiziyası pilotsuz uçuş aparatlarının işə düşməsi nəticəsində Keşm və Sirikdə partlayışların olduğunu təsdiqləyib.

02:02

ABŞ "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana qarşı zərbələr endirməyə başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə iyunun 10-u saat 01:00 - red.) ali baş komandanın göstərişi ilə ABŞ ordusuna məxsus "Apache" helikopterinin dünən məhv edilməsinə cavab olaraq özünü müdafiə məqsədilə İrana zərbələr endirməyə başlayıb", - deyə paylaşımda bildirilir.

CENTCOM vurğulayır ki, ABŞ ordusunun hərəkətləri "İranın əsassız təcavüzünə mütənasib bir cavab" olub.