Xəbər verildiyi kimi, Almaniya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib. Xəbər verildiyi kimi, Almaniya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib.

“Cənubi Qafqazda Almaniya üçün prioritet ölkə Azərbaycandır”

Xəbər verildiyi kimi, Almaniya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib.

“Gənc Demokratlar” institutunun rəhbəri Yeganə Hacıyeva AzNews.az-a mövzu ilə bağlı açıqlamasında bildirdi ki, Almaniyanın daxili siyasi seqmenti çox rəngarəng olmasına baxmayaraq, dövlət siyasəti hər hansı separatçı qrupları dəstəkləmir və bu ölkə Azərbaycanın müstəqilliyinin bərpasından sonra həmişə ərazi bütövlüyümüzü tanıyıb:

“Yeni tarixdə Almaniya beynəlxalq hüquq və normalara, dövlətlərin BMT-nin tanıdığı sərhədlərinə hörmət etməyin, bu istiqamətdə BMT-nin norma və aktlarını, Avropa qitəsində ATƏT-in Helsinki Yekun Aktında təsbitini tapmış prinsiplərin dəstəklənməsinin tərəfdarı olan bir dövlət kimi tanınır.

Öncə bir neçə kəlmə Almaniya Federal hökumətinə "Almaniya-Ermənistan münasibətləri” mövzusunda sorğusunda Dağlıq Qarabağla bağlı suallar ünvanlayan, Almaniya Bundestaqının sayca üçüncü partiyası, sağçı radikal partiya olan Almaniya Naminə Alternativ ( Alternative für Deutschland ) partiyası haqqında danışmaq istəyirəm. 2013-cü ildə yaradılan bu partiyanın 2017-ci ildə seçkilərdə 12,6 faiz səslə 3-cü sırada qərarlaşması seçkilərin ən gözlənilməz nəticəsi idi. Bu partiya İkinci Dünya müharibəsindən sonra Almaniyada ilk dəfə faşistlərin parlamentə düşməsi ilə yadda qalıb. Bu partiyanın rəhbərlərinin sıralarında Adolf Hitlerin maliyyə naziri Luts von Kroziqin nəvəsi Biatriks von Ştoriyx təmsil olunub. AAP partiyası Adolf Hitler dövründən sonra hakimiyyətdə iştirak edəcək ilk faşist partiyasıdır. Nə qədər maraqlı da olsa, bu partiya Almaniya daxilində daha çox rusiyapərəst qüvvə kimi tanınır və seçki ərəfəsi və sonrası daxili mediada onun seçki kampaniyasının "Qazprom"dan maliyyələşməsi haqqında yazılar da getmişdi".

Yeganə Hacıyevanın sözlərinə görə, partiyanın konsepsiyasının alman cəmiyyətində uğurlu olmasının ana xətti Avropaya, Almaniyaya gələn miqrantlara konservativ yanaşması və Almaniyanın liberal miqrasiya siyasətinin tənqidi və xüsusilə bu ölkənin və beynəlxalq koalisiyanın Suriya müharibəsində yanlış siyasətinin tənqid olunması ilə bağlı olub:

"Buna rəğmən, seçki zamanı Almaniyanın özündə bu partiyanın dövründə ölkəyə təşrif buyurmuş miqrantlar tərəfindən və 2017-ci ildə parlament seçkilərində isə daha çox Almaniyanın türk, rus əsilli vətəndaşları, türk və rus diasporu və digər gəlmə vətəndaşlar tərəfindən dəstəkləndi. Belə bir partiyanın hökümətə xarici siyasəti haqqında ünvanlanan suallar çərçivəsində Dağlıq Qarabağ haqqında sual verməsi çox maraqlıdır. Məntiqlə konservativ yanaşma beynəlxalq hüquqa, ərazilərin bütövlüyünün qorunmasına dəstək verməlidir. Amma bu partiya üçüncü dəfədir ki, Alman federal hökümətinə məhz separatçılarla bağlı bu tip suallar ünvanlayır. Bu partiyanın daha öncəki sualları Ukraynanın separatçı vilayətləri və İspaniyanın separatçı Kotoloniya vilayəti haqqında idi".

Y. Hacıyeva vurğuladı ki, bu partiyanın Dağlıq Qarabağın statusu ilə bağlı çoxsaylı suallar verməsi digər tərəfdən təsadüfi deyil:
“Məsələ ondadır ki, 2017-2018-ci illər ərzində Avropanın aparıcı dövlətlərində - Fransada, Hollandiyada, İsveçdə və Almaniyada Qondarma Dağlıq Qarabağın statusu ilə bağlı hökumətlərə çoxsaylı sualların ünvanlanması kampaniyası gedir. Bu kampaniyalar daha çox guya qondarma Dağlıq Qarabağ vilayətində insan haqqları və demokratiyanın mövcud vəziyyəti ilə bağlı ünvanlanır. Qeyd edim ki, məhz beynəlxalq təşkilatların insan haqqlarına həsr edilmiş tədbirlərində də separatçıların iştirakı məhz bu mövzular ətrafında təşkil olunur. Bu mövzular bir növ belə separatçı quruluşların beynəlxalq legitimləşdirilməsi istiqamətində alət olaraq istifadə olunur. AAP-nın suallarına da bu kampaniyanın tərkib hissəsi kimi baxmaq lazımdır. Əlbəttə, biz konkret olaraq təşkilatçıları tanımasaq, təşəbbüskarının kim olduğunu dəqiq deməsək də, bu kampaniyaların arxasında kimlərin durduğu bizə gün kimi aydındır. Bu, əlbəttə, Azərbaycana təzyiq göstərmək, onun ərazi bütövlüyünün pozulmasına çalışan siyasi və iqtisadi lobbi qruplarının fəaliyyətidir".

Y. Hacıyeva Almaniyanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasında Angela Merkelin Cənubi Qafqaz səfərinin rolundan da danışdı. O, bildirdi ki, diplomatik praktikada belə bir tendensiya var: bir regiona səfər olunarsa, həmin regionun axırıncı hansı ölkəsinə qonaq gedilirsə, regionun həlledici ölkəsi də məhz ora sayılır.

“Məsələn, prezidentlərin regionlara siyasi turnesi zamanı onların axırıncı regionda əlaqəsinin yüksək səviyədə, münasibətlərinin çox önəmli olduğu ölkəyə getmək adət ənənəsi mövcuddur. Bununla bir növ regionda strateji tərəfdaşları və əməkdaşlıqda prioritet ölkənin bəyan olunması baş verir. Merkelin səfəri də bu istiqamətdə nöqtəni qoydu ki, Cənubi Qafqazda Almaniya üçün prioritet ölkə Azərbaycandır. Bunun çoxlu regional, cografi, enerji, təhlükəsizlik kimi 6-a yaxın önəmli faktorları var. Beynəlxalq münasibətlər və xarici siyasət nəzəriyyəsi haqqında səhih məlumatı olanlar adətən gözlə görünən ümumi enerji, nəqliyyat və təhlükəsizlik faktoru mövzusu ətrafında şərhlər verirlər. Reallıqda isə əməkdaşlığın istiqamətləri daha geniş və çoxvektorludur. Merkelin Cənubi Qafqazda son səfərinin Azərbaycana olması və səfərin press-relizlərində önəmli yerin Azərbaycana dair olması, Azərbaycanın ərazi bütövlüyünün növbəti dəfə tanınması ilə paralel gedən proseslərdir. Buna isə beynəlxalq münasibətlərdə tərəflərin münasibətlərinin mükəmməl qurulması, yüksək səviyyəli diplomatik əlaqələr deyilir.”

Pərvanə AĞAZADƏ
AzNews.az