“Prezident açıq şəkildə separatçılara mesaj verdi ki...” - politoloq

“Prezident açıq şəkildə bizim prinsipial və qəti mövqeyimizi bildirdi.

Həm Ermənistana, həm də Dağlıq Qarabağ separatçılarına mesaj verdi ki, bizim ərazi bütövlüyümüz bütün dövlətlər tərəfindən tanınır”.

Bunu politoloq Fikrət Sadıxov AzNews.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin son doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edərkən dedi.

O, bildirdi ki, özünə hörmət edən hər bir dövlət, beynəlxalq təşkilat Dağlıq Qarabağı dövlət kimi tanımayıb:

“Yadınızdadırsa, Paşinyan demişdi ki, danışıqlarda Qarabağ separatçıları da iştirak etməlidir. Amma sonra o məsələyə son qoyuldu. Çünki Paşinyan başa düşdü ki, bu, qeyri-real məsələdir. Həm biz ona təzyiq göstərdik, həm də aparıcı dövlətlər olan Rusiya, Fransa ona başa saldılar ki, danışıqlarda Minsk qrupu çərçivəsində ancaq iki tərəf iştirak etməlidir. Dövlət başçımız onu da qeyd etdi ki, biz Ermənistandan konstruktivlik gözləyirik. Bu konstruktivlik hələ öz əksini tapmayıb. Nə vaxt konstruktivlik müşahidə olunsa, bu məsələdə danışıqları davam etməyə hazırıq.”

Pərvanə AĞAZADƏ,
AzNews.az