"Böyük layihə eşqinə düşən tərəflər qaz alıcıları tapa bilmədilər" "Böyük layihə eşqinə düşən tərəflər qaz alıcıları tapa bilmədilər"

"Paşinyan vədlərini yerinə yetirə bilməyəcək" - Politoloq

"Böyük layihə eşqinə düşən tərəflər qaz alıcıları tapa bilmədilər"

Ermənistanda daxili vəziyyət və iqtisadi durum yenidən mürəkkəbləşib. Ekspertlərə görə, noyabr ayından sonra Ermənistan üçün çox çətin dövr başlayacaq. Məlumdur ki, İrəvanın əsas xarici ticarət əlaqələri Rusiya və İranladır. Lakin heç şübhə yoxdur ki, xarici ticarət əlaqələrinə malik olduğu ölkələrə güclü zərbə vuracaq ABŞ sanksiyaları Ermənistandan da yan keçməyəcək. Bu isə onsuz da zəif olan düşmən ölkənin durumunu daha da bərbad edəcək.

Elə bu səbəbdən də Ermənistanda əhali sürətlə azalmaqdadır. BMT-nin Ermənistanla bağlı hesabatına görə, ölkədə daimi yaşayan əhali ilin ilk yarısından etibarən kəskin azalmaqdadır. Beynəlxalq sorğulara görə, hər ay yüzlərlə erməni ailəsi acınacaqlı vəziyyətə düşən ölkəni tərk etmək məcburiyyətində qalırlar. Ermənistandakı daxili siyasi qarşıdurma da xalqı bezdirən və ölkədən didərgin salan əsas amillərdən hesab olunur.

Düşmən ölkədəki vəziyyəti dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanın vəziyyəti çox spesifikdir. Analitikin sözlərinə görə, bu yaxınlarda İran qazının Ermənistan ərazisindən keçirməklə Avropaya çıxarılması ilə bağlı iki ölkə razılığa gəlmişdi. Böyük layihə eşqinə düşən tərəflər qaz alıcıları tapa bilmədilər:

"Üstəlik, Ermənistanın relyefi bu arzunun gerçəkləşməsi yolunda ciddi əngəllər ortaya qoydu. İrana qarşı noyabrda ABŞ sanksiyaları bütün gücü ilə işləyəcək. Ermənistanın da sanksiya altına düşəcəyi ehtimal olunur. Bu, Ermənistan üçün ciddi problem yaradacaq. Yəni Ermənistanın İrandan qaz aldığına görə başı ağraya bilər. Çünki ABŞ bəyan edib ki, İranla hər hansı bir yanacaq, enerji və yaxud da ticarət sahəsində əlaqəsi olan ölkələrə də sanksiya tətbiq edəcək. Amma o da məlumdur ki, təkcə yanacaq, enerji sahəsində deyil, həm də digər ticarət sahələrində də İran Ermənistan üçün nəfəslik rolunu oynayır”.

Politoloq qeyd edib ki, Ermənistanın blokadadan çıxmasında İranın dəstəyi həyati əhəmiyyət daşıyır:

"İran olmasa, Ermənistan acından ölər. Sözün həqiqi mənasında çox pis vəziyyətə düşər. Uzun illərdir ki, Ermənistanı ağır vəziyyətdən çıxaran, ona bir növ dayaq olan yeganə ölkə İrandır. İndi İranla Ermənistan ticarət əlaqələrini kəssə, ölkənin ticarət, maliyyə dövriyyəsində, xüsusilə əhalinin maddi rifah halında çox kəskin pisləşmə müşahidə olunacaq”.

Q.Hüseynli bildirib ki, Ermənistan onsuz da Türkiyə və Azərbaycan tərəfindən blokadadadır:

"İrana və Rusiyaya qarşı sanksiyaların Ermənistana ağır və öldürücü təsiri olacaq. Ermənistan çox ciddi böhranla üzləşəcək. Hakimiyyətə gəlmiş Paşinyanın xalqa verdiyi vədləri yerinə yetirməsi mümkün olmayacaq. Əksinə, ölkədə iqtisadi böhran daha da dərinləşəcək”.

© AzNews.az