İrəvanın iki qucaqda əyləşməsi heç də asan məsələ deyil... İrəvanın iki qucaqda əyləşməsi heç də asan məsələ deyil...

Kreml Qarabağ mövzusunu niyə qısqanır?

İrəvanın iki qucaqda əyləşməsi heç də asan məsələ deyil...

“Başa düşmək lazımdır ki, müasir Rusiya indiki Ukraynanı və düşünən belarusları nəinki özünün yenicə bərpa olunmuş mütləqiyyətilə, Putinin qeyri-məhdud hakimiyyətilə, eləcə də öz kasıblığı, öz qeyri-müəyyənliyi, hər yerdə, hamı ilə və hər vaxt vuruşmağa hazır olması ilə qorxudur və çəkindirir. Əslində bizim bütün indiki xarici siyasətimiz, ilk növbədə də keçmiş sovet respublikalarına yönəlik siyasətimiz əbəs və tam mənasız cəhdlərdir, resursların, bəzən də insan həyatlarının boş yerə sərf olunmasıdır. Biz ruslar onlar üçün o vaxt cəlbedici ola bilərik ki, bu yeni ölkələrə əsl azad və firavan həyat nümunəsi təqdim edə bilək”...

Bir rus müəllifinin bu sözləri mənə o qədər dərin təsir göstərdi ki, onları dərhal yazının əvvəlində verməyi qərara aldım – bəli, göstərmək üçün ki, Rusiyada da tamam başqa cür fikirləşən insanlar var.

Amma söhbəti əvvəlcə bundan bir qədər fərqli baxışdan başlayacam. Çox təəssüf ki, Qərb diplomatları yalnız missiyalarını başa vurandan sonra həqiqətləri dilə gətirməyə başlayırlar. Bu isə nə qədər acı olsa da, onların təmsil etdikləri dövlətin münasibəti yox, problemi çox yaxından bilən bir diplomatın mövqeyi olur. Ona görə də ABŞ səfiri R.Millzin də ötən həftəki açıqlamalarına bu səpkidən yanaşmaq lazım gəlir.

Əlbəttə, bir diplomatın da mövqeyi bəzən çox önəmli olur, xüsusən də bu diplomat iki münaqişə ölkəsindən birində diplomatik missiya yerinə yetiribsə - o səbəbdən ki, müvafiq strukturlar bu məsələlərlə bağlı siyasət yürüdürkən onların da rəyini öyrənmiş olurlar.

Amma bu məsələyə ən maraqlı reaksiya Rusiya XİN-nin sözçüsü M.Zaxarovanın “iradı” oldu. Bəli, ötən həftələrdə mətbuata növbəti açıqalama verən xanım Zaxarova ABŞ diplomatını “Ermənistanın daxili işlərinə qarışmaq”da ittiham etdi.

Əslində isə M.Zaxarovanın “irad”ını yalnız belə yozmaq olardı ki, Dağlıq Qarabağ haqqında açıqlamalar və bəyanatlar vermək yalnız və yalnız Kremlin müstəsna hüququdur, çünki xanım Zaxarova ən azı xatırlamalı idi ki, Millzin təmsil etdiyi ölkə -ABŞ da Minsk Qrupunun həmsədrlərindən biridir, özü də bərabərhüquqlu həmsədrlərindən biridir və hələki heç bir həmsədrə əlahiddə hüquqlar verilməyib və onlar üçü də nizamlanma prosesində bərabər tərəflər kimi iştirak edirlər.

Bu, məsələnin bir tərəfidir. Digər tərfdən, görəsən, ABŞ diplomatı nə demişdi ki, bu, Rusiya XİN sözçüsü M.Zaxarovanı bu qədər qeyzləndirdi? Məgər bu vaxta qədər rusiyalı politoloqlar, xüsusən də Kremlin “siyasi mətbəx”inə yaxın olan insanlar, məsələn, elə A.Duqin də eyni bəyanatla çıxış etmirdilərmi? Məgər onlar demirdilər ki, İrəvan danışıqlar prosesinin nəhayət ki, start götürməsi üçün ilk növbədə ətraf rayonları qaytarmalıdır?

Bəli, deyirdilər. Sadəcə, xanım Zaxarova Qarabağ mövzusunda daim xüsusi canfəşanlığı ilə seçilib, sanki bu qadın ermənipərəst mövqeyi ilə erməni əsilli nazirin – S.Lavrovun xoşuna gəlməyə çalışır. Amma heç sözsüz ki, bu məsələ adi məişət çərçivələrindən daha geniş bir çərçivədə yozulmalı məqamdır və bunu da əvvəldə qeyd etdik: Kreml düşünür ki, Qarabağla bağlı mühüm açıqlamalar yalnız bir ünvandan - Moskvadan daxil ola bilər...

O ki qaldı ABŞ-ın özünün problemlə bağlı mövqeyindəki yeni məqamlara, az müddət bundan əvvəl prezident D.Tramp da yaxın ayların Dağlıq Qarabağ problemi üçün əlamətdar ola biləcəyini qeyd etmişdi.

Ən əsası isə budur ki, elə bu günlərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Boltonun regiona səfəri başlayır və diplomat, qrafikində hər hansı dəyişiklik olmazsa, ən yaxın müddətdə Bakıda və İrəvanda olacaq. Düzdür, artıq amerikalı həmsədr K.Kavano müjdələyib ki, Qarabağ məsələsi Boltonun müzakirələrində heç də ilk cərgədə olmayacaq.

Amma hər halda səfirin də bəyanatının məhz bu ərəfədə səslənməsinin mühüm əhəmiyyəti var: ola bilsin, onun mövqeyi ABŞ prezidentinin köməkçisinin mövqeyi üçün bir fundament olacaq, ona görə ki, Bolton da problemə yanaşmasında ilk növbədəcə səfirin mövqeyini nəzərə alıb, ona istinad edəcək. Hər bir halda, dövlətçilik məntiqi bunu deməyə əsas verir. Əlbəttə, müəyyən kənaraçıxmalar da mümkündür, amma qətiyyən düşünmürük bunlar çox böyük ola bilər.

O ki qaldı bir daha Rusiyaya, Kreml hələ də Ermənistanın adından danışır, amma məlum deyil ki, bu, hansı Ermənistandır? Əsl Ermənistan bu gün daha çox seçkilər, hakimiyyət məsələsini çözməklə məşğuldur və seçkinin nəticələri də böyük ehtimalla Rusiyanın istədiyi kimi olmayacaq. Rusiya isə danışmaqda və başqalarının bəyanatlarına korrektələr verməkdə davam edir. Amma bir detalı yaddan çıxarırlar ki, onlar hələ S.Sarqsyan Ermənistanı adından danışmaqda davam edirlər, o Ermənistan isə yoxdur, əvəzində iki aydan sonra “Sorosun uşaqları” və ya “Ağ Evin uşaqları” ayamalarının gerçək olması ehtimalı vardır. Bəs onda nə olacaq? Bu sual isə M.Zaxarovalıq olmasa da, hər halda, Rusiya XİN-nin analitik xidmətinin təhqiqat və ya araşdırma predmeti olmalıdır.

Düşünürük N.Paşinyanın xanımının möhkəm “sülhpərvərlik” missiyasına başlaması da təsadüfi deyil, bu, ilk növbədə onun göstəricisidir ki, İrəvan Moskva sarıdan arxayın deyil. Bəli, ermənilər tamam küt də deyillər, bilirlər ki, Moksvadan məsafə götürməyə başlasalar, onda Kreml də boş durmayacaq, onları cəzalandırmaq fikrinə düşəcək. Bunun isə indiki şəraitdə ən optimal yolu Dağlıq Qarabağdan keçir.

Ona görə də bərk “sülhpərvərlik” edir, indidən dünyanı (daha dəqiq desək: dünyadakı ermənipərəst qüvvələri!) ayıq-sayıq salmağa çalışırlar. Ona görə ki, Moskva-İrəvan müstəvisində mütləq problemlər yaranacaq, belə ki, “iki stul”da və yaxud da “iki qucaq”da, xüsusən də biri-birinə rəqib olan iki tərəfin qucağında əyləşmək heç də asan məsələ deyil, hətta deyərdik ki, görünməmiş “şücaət”dir...

Rusiyanın da çabalarının səbəbləri aydındır. Bunun şərhisə yazının əvvəlindəki sitatdadır; Kreml başa düşür ki, xalqları və ölkələri artıq heç nə ilə şirnikləndirə bilmir, onun sərəncamında cəmi bircə vasitə qalıbdır – o da həmin ölkələrdə yaratdığı münaqişələrdir...

Hüseynbala Səlimov
AzNews.az