"Öncəliklə bunu demək lazımdır ki, soykökü etibarı ilə Qaşıqçılar ərəb yox, türk kökənlidir" "Öncəliklə bunu demək lazımdır ki, soykökü etibarı ilə Qaşıqçılar ərəb yox, türk kökənlidir"

Jurnalistin qətlində qaranlıq məqamlar var: Qaşıqçılar türk kökənlidir

"Öncəliklə bunu demək lazımdır ki, soykökü etibarı ilə Qaşıqçılar ərəb yox, türk kökənlidir"

Oğuz Məmmədli: "Osmanlı zamanında bu ailə Kayseridən Mədinəyə köç edib və son ana qədər Osmanlı əsgərləri ilə çiyin-çiyinə işğalçılara qarşı vuruşub"

İstanbulda öldürülən müxalif jurnalist Camal Qaşıqçı barədə danışan ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Səudiyyə Ərəbistanın tərəfini saxlayıb. Tramp jurnalist Camal Qaşıqçının ölümündə bütün dünyanı günahlandırmağı təklif edib. Jurnalistlərin "Kim günahkardır" sualına Tramp belə cavab verib: "Ola bilər dünya”. Trampın sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salman ondan daha çox jurnalistin ölümünə təəssüf edib. Xatırladaq ki, bir müddət əvvəl Tramp jurnalistin qətlində vəliəhd şahzadə Məhəmməd bin Salmanın məlumatlı ola biləcəyini demişdi.

Məlumat üçün deyək ki, Camal Qaşıqçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistan tərəfi Qaşıqçının konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanında 18 nəfər həbs olunub.

Müəmmalı qətllə bağlı "Şərq”ə danışan ADPU-nun müəllimi, Avrasiya Araşdırmaları üzrə doktorant Oğuz Məmmədli ki, ümumən baş vermiş bu hadisə olduqca üzücü və qəbuledilməzdir. Onun sözlərinə görə, tək silahı qələmi olan jurnalisti fiziki cəhətdən məhv etmək doğru deyil:

"Qaşıqçı hadisəsində bir sıra qaranlıq məqamlar olması ilə yanaşı, ailəsi və özü ilə bağlı gözardı edilən məqamlar mövcuddur. Öncəliklə bunu demək lazımdır ki, soykökü etibarı ilə Qaşıqçılar ərəb yox, türk kökənlidir. Osmanlı zamanında bu ailə Kayseridən Mədinəyə köç edib və son ana qədər Osmanlı əsgərləri ilə çiyin-çiyinə işğalçılara qarşı vuruşub. Osmanlının dağılması ilə birlikdə Səudiyyə Ərəbistanı sərhəddi içində qalan Qaşıqçılar dünyaca məşhur ailədir. Belə ki, keçən əsrdə bu ailə iki ad ilə məşhurlaşıb. Bunlardan biri sahibkar Adnan Qaşıqçı, digəri isə şahzadə Diana ilə birlikdə yaşamış və 1997-ci ildə avtomobil qəzasında həyatını itirmiş Dodi-El-Fayed də bu ailənin üzvləridir. Adnan Qaşıqçı Camal Qaşıqçının əmisi, Dodi-El-Fayed isə bibisi oğludur. 1980-ci illərdə İxvana yaxın olmuş Qaşıqçı daha sonra onlardan ayrılıb. 1990-cı illərdə Əfqanıstanda Üsamə Ben Ladenlə reportajlar edib. Kifayət qədər ziddiyyətli keçmişə sahib olan Camal Qaşıqçının səfarətə xüsusi xidmət orqanları tərəfindən bilərək göndərildiyinə dair xəbərlər də internetdə dolaşmaqdadır. Eyni zamanda "ağıllı saat” ilə səfarətə girən Qaşıqçının oradan məlumat alaraq xaricə ötürdüyü də iddialar arasındadır”.

Şərqşünas bildirib ki, dünya dövlətlərinin, ələlxüsus ABŞ-ın və şəxsən Prezident Donald Trampın bu hadisə qarşısında uzun müddət səssiz qalması anlaşılmazdır:

"Dünyada "söz azadlığı”nın, "insan haqları”nın, "demokratiya”nın müdafiəçisi rolunda çıxış edən ABŞ dövləti hadisənin ilk vaxtlarında səssiz qalmağı daha məqbul hesab edir. Trampa gəldikdə isə Camal Qaşıqçının əmisi Adnan Qaşıqçı ilə kifayət qədər yaxın olan birinin sükut içində olması anlaşılmazdır. Məlumat üçün qeyd edim ki, vaxtilə Adnan Qaşıqçı Donald Trampa yaxta "satıb”. Donald Trampdan bu ailə haqqında soruşularkən "çox sevimli ailədir” deyib. Görünən odur ki, bölgədə ABŞ-ın İsraildən sonrakı ən yaxın tərəfdaşı, müttəfiqi olan Səud dövlətinin bu cür davranmasına göz yuma bilər. Halbuki, eyni hadisə bölgədəki və ya dünyadakı hər hansı "qeyri-demokrat” ölkə tərəfindən edilsəydi, nələrin baş verəcəyini təsəvvür etmək heç də çətin olmayacaqdı. Öldürülməsi məsələsinə yenidən qayıdaraq deyə bilərəm ki, Ərəbistanın Qatara embarqo tətbiq etdiyi zaman Camal Qaşıqçı bunu tənqid etmişdi. Lakin öldürülməsinin ən önəmli səbəbi qətlindən 3 gün öncə "BBC” radiosuna verdiyi müsahibədir. Hansı ki, öz müsahibəsində Şahzadə Məhəmməd ibn Salmanı sərt şəkildə tənqid edib. Onun dünyaya tanıdıldığı kimi islahatçı biri olmadığını söyləyib. Hadisə Türkiyə Respublikasında baş verdiyindən dünya gündəmi ilə yanaşı məsələ hər gün Türkiyə mediasında işıqlandırılmaqda və güc strukturları məsələni araşdırmaqdadır. Türkiyənin təhlükəsiz ölkə olmamasını iddia edən dövlətlərin bu tezisi aradan qaldırmaq üçün hadisəni daha ətraflı şəkildə araşdıraraq dünya mediasına çatdıracağına inanıram”.

AzNews.az